“Ümid Partiyasının sədri İqbal Ağzadə son zamanlar özünün oliqarx kimi aparırdı. O, seçicilərlə görüşmür, onların problemlərini dinləmirdi”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Araz Əlizadə deyib.
O, İqbal Ağazadənin “məntəqələrdə Araz Əlizadəyə cəmi 5 səs verilib” fikirlərinə belə münasibət bildirib. Araz Əlizadə qeyd edib ki, İqbal Ağazadənin seçkinin nəticələrini saxtalaşdırmaqla bağlı dedikləri cəfəngiyyatdan başqa bir şey deyil.
“İqbal Ağazadə özü bu dairədən 3 dəfə deputat seçilib. Necə olur ki, onda nəticələr saxtalaşdırılmır, amma mən seçiləndə saxtalaşdırılır?! İqbal Ağazadə son zamanlar insanlara qarşı etinasız idi. Bütün bu səbəblər onun məğlub olmasına gətirib çıxardı. O, seçkini uduzdu və bunu qəbul etməlidir”.
Qeyd edək ki, sözügedən dairə üzrə ASDP sədri Araz Əlizadə 44,7 faiz, yəni 1817 səslə birinci yerdə qərarlaşıb. Ümid Partiyasının sədri İqbal Ağazadə 1078 səslə ikinci yerdə qərarlaşıb. Bu, hələ yekun nəticə hesab olunmasa da, A.Əlizadənin qalibiyyəti sual altında deyil.
Aqşin Kərimov