“Mənim ixtisasım beynəlxalq münasibətlərlə bağlı olduğundan çalışacağam ki, Milli Məclisdə beynəlxalq sferada olan məsələləri diqqətdə saxlayım”.
Bunu Modern.az saytına açıqlamasında 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən v çağırış parlamentə deputat seçilən, politoloq Elman Nəsirov deyib.
Onun bildirdiyinə görə ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının maraqlarına söykənən xarici siyasət həyata keçirir. Yeni deputat hesab edir ki, bu siyasət bir çox xarici qüvvələri qane etmir və onlar Azərbaycan əleyhinə təbliğat aparırlar.
“Onlar müxtəlif təzyiq və təsir üsullarını işə salırlar. Lakin cənab prezident daim Azərbaycan xalqının, dövlətinin maraqlarını qoruyaraq siyasət aparır. İkitərəfli münasibətləri bizim xarici siyasətin prioritet istiqamətidir. Mən bu istiqamətdə fəaliyyətə xüsusi əhəmiyyət verəcəyəm”.
Elman Nəsirov bildirib ki, qanunverci orqanın ona verdiyi səlahiyyətlər çəçivəsində Azərbaycana olan təzyiqlərə qarşı beynəlxalq hüquqa uyğun qaydada tədbirlər görülməsi məsələsini gündəmə gətirəcək.
Politoloqun sözlərinə görə bir deputat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində işlər aparacaq. Qeyd edək ki, Elman Nəsirov hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizəd irəli sürülmüşdü.
O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində fəaliyyət göstərən Siyasi Araşdırmala İnstitutunun direktorudur.
Aqşin Kərimov