Türkiyədə noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 49,4 faiz səs toplamaqla yenidən təkbaşına hökumət qurmaq səlahiyyəti əldə edib. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları da bu seçkilərdə iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyinin seçki ərəfəsi yaydığı məlumata görə, ölkəmizdə 7003 Türkiyə vətəndaşı parlament seçkilərində iştirak etməli idi. Onlar oktyabrın 25-dən ayrı-ayrı bölgələrdə yaradılan seçki məntəqələrində səslərini verirdilər. Məlumatda qeyd edilir ki, Türkiyənin Bakıdakı səfirliyində 6311, Gəncədəki Baş Konsulluqda 338, Naxçıvan Muxtar Respublikadakı Baş Konsulluqda 354 seçicinin səs verməsi nəzərdə tutulurdu.
Modern.az bildirir ki, artıq noyabrın 1-də Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının seçimi bəllidir. Nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası Azərbaycandakı səsvermədə də qalib gəlib. Belə ki, ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının 34, 80 faizi AKP-yə, 30,73 faizi Cümhuriyyət Xalq Partiyasına, 18,77 faizi Xalqların Demokratik Partiyasına və 13,38 faizi Milliyyətçi Hərəkat Partiyasına səs veriblər. Göründüyü kimi, Türkiyə milliyyətçiləri Azərbaycandakı səsvermədə də ən uğursuz nəticə əldə ediblər.
Modern.az