Mardində millət vəkilliyinə müstəqil namizəd olan və təbliğat kampaniyası zamanı boş meydanda danışan Mehdi Sarıkaya, rəsmi olmayan nəticələrə görə 102 səs alaraq şəhərdə 3 partiyanı geridə buraxıb.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Karayolları parkında təşkil etdiyi və vətəndaşların maraq göstərmədiyi mitinqində avtomobilindəki səs sistemindən istifadə edərək, boş sahədə təxminən yarım saatlıq bir çıxış edən təqaüdçü sinif müəllimi Sarıkaya 1 noyabr seçkisində rəsmi olmayan nəticələrə görə, Mardində səs verən 395 min 530 seçicidən 102 səs alıb.
Sarıkaya bu nəticə ilə ilə şəhərdə 99 səs alan Vətən Partiyasını, 53 səs alan Demokratik Sol Partiyasını və 23 səs alan Millət Partiyasını geridə buraxmağı bacarıb. Mehdi Sarıkaya mətbuat nümayəndələrinə açıqlamasında müxalifət partiyalarının hər vaxt uduzmalarını müvəffəqiyyət kimi göstərdiyini qeyd edib: “Müxalifət partiyaları müvəffəqiyyətsizliyi müvəffəqiyyət olaraq göstərir. AKP isə özünü tənqid etdiyi üçün müvəffəqiyyətli olur”,
Daha səs aldığını iddia edən Sarıkaya bu səbəbdən seçkinin nəticələrinə etiraz edəcəyini söyləyib. Jurnalistlərin bundan sonrakı seçkidə yenidən namizəd olub-olmayacağı ilə bağlı sualına da cavab verib:
“Mən millət vəkili olmaq, Ankaraya getmək üçün döyüşmürəm. Bu qanı dayandırmaq istəyirəm. Bundan sonra da mübarizəyə davam edəcəyəm”.
Modern.az