Modern.az

Yazdım gözəllər eşqinə

Yazdım gözəllər eşqinə

3 Noyabr 2015, 12:28


“Mirmehdi Seyidzadə mənim ən çox dəyər verdiyim ustad sənətkarlardandır. Mirmehdi qəlb şairi, nəğməkar şairdir. Onun mahnılarını sevə-sevə oxuyuram. Mirmehdi Seyidzadə yaradıcılığı Azərbaycan ədəbi mühitində bir mərhələdir” .    
Zeynəb Xanlarova
SSRİ Xalq artisti,
Dövlət mükafatı laureatı

Gözəllər eşqinə yazdığı qəzəlləri ilə qəlbləri riqqətə gətirən, “bir gözəl sevdim” -  deyib ahu tək könül cananını ram edən, şənlikdə, təravətdə bahar ilə əkiz olan bir şairimiz vardı – Mirmehdi Seyidzadə.

Uşaqlıq illərimin ən çox sevilən şairlərindən idi. Təkcə mənimmi? Əslində bütün həmyaşıdlarımın sevimlisi idi. Ən çox oxunan, əzbərlənən şeirlər, mahnılar məhz M.Seyidzadəyə məxsus idi. 30-cu illərdən tutmuş 90-cı illərə qədər, bəlkə də bu günə kimi “Ana dili” dərsliyində dərc olunan ən gözəl uşaq şeirləri və ən populyar uşaq mahnılarının müəllifi Mirmehdi Seyidzadə olub. Neçə - neçə nəsl uşaq bağçasında, məktəbdə onun şeirləri, mahnıları ilə tərbiyələnib. Vətənə, torpağa sevgini, təbiəti qorumağı, ailə sədaqəti, ata –ana qədri, bacı - qardaşa, dosta sevgini məhz bu ustaddan öyrəniblər...Məsuliyyətlə demək olar ki, Mirmehdi Seyidzadənin şeirləri bu gün də aktualdır, müasir səslənir, sevilir...Bu şair xoşbəxtliyi, deyilmi?



Tale mənə onunla şəxsi tanışlıq nəsib etməmişdi. Ustad sənətkarla yalnız şeirləri, əsərləri ilə tanış idim. Bir neçə dəfə televiziyada canlı kadrlarını izləmişdim. Ilahi, necə nurlu siması vardı. Ucaboylu, saçları bəyaz, ağayana, piranı bir insan idi. Alicənablıq, nəciblik, mərhəmət üzündən yağırdı. Davranışında o qədər ünsiyyətcil idi ki, qarşısında olanlar bundan sıxılmırdı. Bu yerdə xalq şairi Süleyman Rəhimovun ustad haqqında vaxtilə dediyi sözlər yada düşür: “ Mirmehdi – bizim Ağa başdan – ayağa mənəviyyat mücəssiməsidir”. Allah hər ikinizə rəhmət eləsin, Süleyman müəllim. Nə qədər düzgün xarakterizə etmisiniz. Həqiqətən, Mirmehdi Seyidzadə yüksək mənəviyyat, əxlaq, intellekt sahibi, ürəyi yumşaq, xeyirxah, nəzakətli bir insan idi. Heç kimin xətrinə dəyməz, kimsəni acılamazdı. Xoş sifəti, xoş rəftarı ilə ətrafdakıların dərin hörmət və rəğbətini qazanmışdı. Onunla ünsiyyətdə olanlar ustad sənətkardan müsbət, pozitiv enerji alar, rahatlıq tapardılar. Müasirlərinin dediyinə görə Mirmehdi pak, təmiz qəlbli, mələk kimi insan idi. Bu günə kimi haqqında yalnız müsbət fikirlər səslənir. Yəqin ki, Mirmehdi Seyidzadənin həyat yolu möhtərəm oxucularım üçün maraqlı olar.

Əslən Bakının Əmircan kəndindən olan, valideynlərinin məcburiyyət üzündən qürbətdə yaşamağa məhkum olan Azərbaycanın görkəmli şairi, dramaturqu Mirmehdi Həsən oğlu Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. Ali təhsilini İranda Məşhəd şəhərində mollaxanada alan Mirmehdi burada ərəb – fars dillərinə mükəmməl yiyələnir. Atasını çox erkən itirdikdən sonra ailəsi 1920-ci ildə Bakıya köçür. Rusiya tələbələri üçün təşkil olunan “Məktəbi Ziya”da təhsilini davam etdirir, rus dilini mənimsəyir. 1921-1925-ci illərdə Pedoqoji Texnikumda təhsil alır. Ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı şeiri ilə başlayan şair 1926 – 1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində əmək fəaliyyətinə başlamışdır. Az sonra Bakıda kitabxana müdiri kimi çalışmışdır. Azərbaycan Pedoqoji İnstitutunun qiyabi şöbəsində təhsil aldıqdan sonra 1932-1939-cu illərdə “Azərnəşr”də redaktor şöbə müdiri olmuşdur. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.

1932-ci ildə M.Seyidzadənin ayrıca kitab şəklində nəşr edilən və mükafat qazanan  “Şanlı gün poeması”  məktəblilər üçün sevimli əsər olmuşdur. Sonralar ədibin “Balaca təyyarəçi”,”Ceyran”,”Neft haqqında”,”Kim güclüdür”,”And” kitabları  işıq üzü görmüşdür.

1941-1942-ci illərdə İranda “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliklə əlaqədar ordudan tərxis olunan Mirmehdi Seyidzadə, Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir il sonra isə “Azərnəşr”də şöbə müdiri olmuşdur.

1944-1946-cı illərdə “Uşaqgəncnəşr”in baş redaktoru vəzifəsində çalışmışdır.

Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və bir sıra medalla təltif olunmuşdur.



Mir Mehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da Bakı şəhərində vəfat etmişdir.

Yaşadığı ədəbi mühit və qüdrətli söz ustaları Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Seyid Hüseyn, Əliağa Vahid və digərləri ilə dostluq əlaqələri Mirmehdi Seyidzadənin yaradıcılığına güclü təsir etmişdir. Məhz bu mühit onun ədəbiyyatımızda güclü ədəbi irs qoyub getməsinə imkan yaratmışdır. Belə bir ədəbi mühitdə yazıb – yaratmaqdan, qüdrətli sənətkarlarla əlaqələrindən daim özünü xoşbəxt sayardı. Yaradıcılığa, daha doğrusu uşaqlarla görüşə 1929-cu ildə “Keçəl Səməd” mənzum nağılı ilə gələn şair yarım əsrə qədər zaman müddətində uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərmiş, belə demək mümkünsə, XX əsr Azərbaycan ədəbiyyatı tarixində klassik uşaq şairi kimi özünü təsdiq etmişdir. Ustad sənətkarın balaca balalar üçün, uşaqlar üçün qələmə aldığı şeirlər, mənzum nağıllar, kiçik pyeslər və təmsilləri uşaq ədəbiyyatının qiymətli incilərindən sayılır, uşaqlar tərəfindən böyük maraqla qarşılanır, oxunur, sevilir, dillər əzbərinə çevrilir. “Nərgiz”,”Qızıl quş”,”Büllur qəsr”,”Ayaz”,”Qartal qururu”,”Əsmə, külək”,”Nənə və nəvə”,”Su pərisi”,”Göyərçin”,”Ata məhəbbəti”,”Ceyran”, ”Fitnə”,”İskəndər və çoban” və s. əsərlərində şair Vətən gözəlliyini, torpaq sevgisini, əmək adamlarında qurub – yaratmaq eşqini, balalarımızın saf duyğularını böyük ustalıqla, məharətlə tərənnüm etmişdir:

İnsan yer üzünün olub zinyəti,
Bəşərsiz dünyanın olmaz qiyməti.
Nə qədər gözəllik varsa dünyada,
Yaradıb insanın böyük zəhməti.

Şairin hər bir şeiri, mənzum nağılı ilə tanışlıq belə bir sənət incilərinin məhz Mirmehdi Seyidzadə kimi uşaq psixologiyasına, uşaqların mənəvi dünyasının incəliklərinə dərindən bələd olan bir sənətkarın qələminə məxsus olmasından xəbər verir. Heç də hər bir şairə uşaqların sevimlisi olan uşaq şairi olmaq nəsib olmur. Şairinin kövrək uşaq qəlbinə asanlıqla yol tapan, siraət edən əsərlərində vətənpərvərlik, xeyirxahlıq, alicənablıq, dostluq, əməyə məhəbbət, təbiətə sevgi hissləri duyulur. Bu ülvi, bəşəri hiss və duyğular şairin yaradıcılığının əsas aparıcı  leytmotivini, qayə və məramını oxucuların diqqətinə çatdırır.

Yüksək istedad, coşqun ilham sahibi və poetik duyuma malik olan M.Seyidzadə təkcə uşaq şeirləri ilə kifayətlənməyib. Onu təkcə uşaq şairi kimi adlandırmaq düzgün olmazdı. Şairin müxtəlif janrlı şeirləri şəkilcə, mövzu və məzmun etibarı ilə fərqli olsa da, bu sənət incilərinin hər birində ustad sənətkarın hiss və həyəcanı, sevinc və kədəri, eşq – sevgi həvəsi, həssas qəlb çırpıntıları sözlərlə  diqqət çəkir:

Mən şeyda bülbüləm, məftunam gülə,
Gülşən məskən olar şeyda bülbülə.
Vətən torpağında qalacaq daim,
Vücudum dönsə də bir ovuc külə.

Dövrdən, zamandan, quruluşdan asılı olmayaraq ədibin dərin məna çalarları ilə zəngin əsərləri hər zaman bəşərə, estetik və mənəvi tərbiyəyə, əxlaqa, inama, etibara,  ülvi hiss və sevgiyə, nəzakətə və mehribanlığa, Vətənə, doğma torpağına, təbiətə və Cəmiyyətə, ailə - məktəb vəhdətinə, doğma dilinə bağlılığı ən dəyərli ismarıc bir vasitə olmuşdur desəm, yəqin ki, yanılmaram:

Mənə həyat verən yurdum, elimdir,
Vətən candan şirin bir sevgilimdir.
Ölməz Füzulini, böyük Sabiri
Yetirən Vətənim, ana dilimdir.

Böyük Vətən müharibəsi adlandırdığımız II Dünya savaşı ədibin yaradıcılığından da yan keçməyib. Digər qələmdaşları kimi, o da qələmini süngüyə çevirib, müharibə mövzusunda ölməz əsərlər yaratmış, xalqı qələbəyə ruhlandırmaqla öz töhfəsini vermişdir. O, cahangirlərin qəsbkarlığını ifşa etməklə, xalqını, gənc nəsli vətənpərvərliyə çağırır,onlarda qələbəyə ümid hissi yaradır:

Köhnədir, qədimdir gördüyüm cahan,
Çox cahangirləri məhv edib zaman.
Bu gün torpaqları qana döndərən,
Sabah yer altında olacaq pünhan.

və ya

Milyon könüllərdə bircə dilək var,
Qaniçən düşmənlər olsun tari – mar.
Vətən göylərində olmasın bulud,
Gülsün ölkəmizdə daima bahar.

Bu günümüzlə müasir səsləşən misralar deyilmi?! ”Balaca döyüşçülər”, ”And”, ”Vətən  qızı”, ”Qorxmaz”, ”Şanlı qəhrəman”, ”Bizim ellər”,   ”Qəmər”, ”Maral”, ”Zəfər” və s. qələmə aldığı əsərləri və kitabları şairin müharibə mövzusunda yazdığı dəyərli sənət inciləridir.


Müharibədən sonrakı illərdə ədibin “Şah və xidmətçi”,”Şeirləri”,”Yaxşı yoldaş”,”Çiçəklənən düzlər”,”Bağçamız”,”Yeni il hədiyyəsi”,”Sevilmiş əsərləri” və s. işıq üzü görmüş, oxuculara geniş təqdim olunmuşdur.

Dərin ensiklopedik bilik sahibi olmuş Mirmehdi Seyidzadə öz soykökünə bağlı bir şair kimi el ədəbiyyatına, folklora bağlı olan bir sənətkar idi. O, tez-tez xalq ədəbiyyatı nümunələrinə, xüsusilə də, dastan və nağıllara müraciət edərdi. Bəlkə elə buna görədir ki, onun yaratdığı mənzum nağıllar xalq ədəbiyyatından  qaynaqlanır.

Şairin “Günəş baba”,”Ağıllı çoban”,”Sirli çeşmə”,”Sazın sirri”,”Sehrli nar”,”Üç alma”,”İsgəndər və çoban”,”Qartal və qaranquş”,”Sənubər və sarmaşıq” və s. mənzum nağılları bədii – tərbiyəvi əhəmiyyəti ilə diqqət çəkir, uşaqların zövqünü oxşayır. Xüsusilə, ədibin “Nərgiz” mənzum nağılı uzun illər uşaqlarımızı qəhrəmanlıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə etmişdir.

Yüksək istedad, coşqun ilham sahibi olan Mir Mehdinin pyeslərini, dram əsərlərini xüsusi vurğulamaq lazımdır. Böyük Şeyx Nizaminin yaradıcılığının təsirinə düşərək yaratdığı “Sevgi” və “Fitnə” pyesləri də gənclərin əxlaqi tərbiyəsində böyük rol oynamaqla yanaşı, şairin insanpərvərliyə, gözəlliyə, incə insani hisslərə bağlılığını bir daha göstərir.

Məhəmməd Füzulini özünün ustadı hesab edən M.Seyidzadəni bu böyük şairin həyatından bəhs edən “Şairin gəncliyi” əsəri maraqlı sujet xətti və dilin aydınlığı ilə oxucunu cəlb edir. Əsərdə Füzulinin əyilməzliyi, cəsurluğu, mübarizliyi və zəngin şeir dünyası öz əksini tapıb:

Hər şair dünyada bəxtiyar olmur,
Yazmağa əlində ixtiyar olmur.
Yazmaq istəyəndə könül deyəni,
Meydanda dilindən asırlar səni.
Qəsidə yazmasan şaha, sultana,
Ömürlük salırlar səni zindana.

Şair elin dili, xalqın gözüdür,
Şairin dediyi vicdan sözüdür.
Tərənnüm eyləsə altun tacları,
Bilməz əldə olan ehtiyacları.

M.Seyidzadə poeziyasında güclü emosional hiss, estetik təsir və zövq, poetik duyum və gözəllik özünü açıq büruzə verir. Ədibin, xüsusilə də, Vətən, xalq və azadlıq kimi ülvi və müqəddəs mövzulara münasibətində, təmiz pak və insan eşqini tərənnüm edən şeirlərində, həmçinin, uşaq şeirlərində coşqun, saf bir romantika duyulur. Bu romantikanın kökündə həyata, torpağa bağlılıq, yüksək emosional təsir və xoş təravət sezilməkdədir. Şairin “Büllur qəsr”,”Su pərisi”,”Nənə və nəvə”,”Göyərçin”,”Ata məhəbbəti” və s. əsərlərində doğma Vətənimizin gözəllikləri, əmək adamlarının qurmaq və yaratmaq eşqi, sevimli balalarımızın saf duyğuları tərənnüm edilmişdir:

Ey Vətən, sənindir, şeirim, sənətim,
Sənindir varlığım, bütün qüdrətim,
Sənin torpağından yaranmışam mən,
Yolunda ölsəm də qalar şöhrətim.

Mütərəqqi dünya və rus poeziyasına yaxından bələd olması, onu mükəmməl və dərindən bilməsi Mirmehdi Seyidzadəni ədəbi mühitdə bədii tərcümənin mahir ustadı kimi də tanıda bilib. O, məharətlə, böyük ustalıqla A.S.Puşkinin “Çar Saltan”,”Qızıl xoruz”, P.Yerşovun “Qozbel at” mənzum nağıllarını, İ.Krılov, M.Lermontov və N.Nekrasovun şeirlərindən nümunələr, Sədi Şirazinin “Bustan”ını, Hafizin qəzəllərini, Ömər Xəyyamın ruhanilərini doğma ana dilimizə nəfis şəkildə çevirmişdir.

Şairin yaradıcılığı çox rəngarəngdir. O, uşaqlar üçün yazdığı əsərlərində onların çox sevdikləri təmsillərə də xüsusi yer ayırmışdır.

Şair “Tikan və qızılgül”,”Kəpənək və bal arısı”,”Yarasa və pərvanə”,”Dağ və duman” təmsillərində lovğalığı, təkəbbürlüyü, yalançılığı, ikiüzlüyü və digər mənfi keyfiyyətləri ifşa edirdi:

Tikan çox təəccüblə
Söylədi Qızılgülə:
Bir kolda, bir budaqda
Yetişirik biz bağda.
Bəs səbəb nədir ki, sən
Hamıya sevimlisən,
Məni sevməyir heç kəs?
Gül dedi: - Deyil əbəs,
Bir yerdə olsaq da biz,
Ayrıdır xislətimiz.
Sən hər ələ batırsan,
İncidib qanadırsan.
Mən könül oxşayıram,
Qəlblərdə yaşayıram.

Əruzə dərindən bələd olması, klassik şairlərimizin yaradıcılığını mükəmməl bilməsi Mir Mehdini bir qəzəlxan – şair kimi də şöhrətləndirib. Onun qəzəlləri lirizmi, axıcılığı, şirinliyi ilə seçilir. Ədibin qəzəlləri həm də öz sadəliyi, dilimizin saflığı və incə, zərif, bəşəri hissləri böyük ustalıq və sənətkarlıqla əks etdirməsiylə qəzəl xəzinəmizin nadir inciləri kimi öz bədii – estetik dəyərini saxlamaqdadır.

M.Seyidzadənin qəzəlləri ilə tanış olduqca, onun bu sənət dünyasına baş vurduqca ədibin qəzəllərinin dünyadan kamınca, yetərincə zövq almaq istəyən, gözəllərə, gözəlliyə, sevgiyə, aşiqə biganə qalmayan min bir aşiqin – sevən insanın ürək sözlərinin açılmasının şahidi olursan:

Bir gül həvəsi bülbülü gülzarə gətirdi,
Yüz qanlı tikan qəlbini azərə gətirdi.

Arifsən əgər, uyma vəfasızlara, onlar –
Çox aşiqi incitmək ilə zarə gətirdi.

Yüz Yusifi əvvəl eyləyib Misrin əzizi,
Sonra kölə tək satmağa bazarə gətirdi.

Bir dilbərə ver könlünü, bilsin nədir aşiq,
Dərd çəkmə, demə, qəlbimi zinharə gətirdi.

Gülüzlülərin hüsnünü seyr etməyə yazda,
Dövran  bizi, Mir Mehdi, çəmənzarə gətirdi.

Burada M.Seyidzadənin qəzəllərinin Məhəmməd Füzuli və Seyid Əzim Şirvani qəzəllərindən qaynaqlandığını açıq görmək olar. M.Seyidzadə sənət – qələm dostları olmuş Əliağa Vahid, Süleyman Rüstəm kimi çətin və qəliz anlaşılan, ərəb- fars tərkibli sözlərdən, ifadələrdən istifadə etməyərək, sadə ifadə tərzində - təmiz ana dilində qəzəllər yaratmağa müvəffəq oldu. Bu qəzəllər şairə şöhrət gətirməklə bərabər,onu qəzəlxan  şairi kimi də məşhurlaşdırıb.

Lirik duyğu və hisslər, gözəl musiqi duyumu onu nəğməkar şair kimi daha da şöhrətləndirib. Təsadüfi deyildir ki, onun həddən artıq axıcı, həzin lirikasına zəmanəmizin görkəmli bəstəkarları Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Səid Rüstəmov, Məmməd Nəsirbəyov və başqaları müraciət etmiş, gözəl mahnılar yazmışlar. “Bağçamız”, “Qar”,”Oynaq topum”,”Pilotlar”,”Alma”,”Dağlar”,”Maral”,”Qış baba”,”Quzum”,  “Pişiyim”,”Xəzər”,”Birinci qar”,”Bulaq”,”Göyərçinim”,”Qar topu”,”Qayıqda”,  “Qızıl payız”,”Bənövşə”,”Kəpənəyim”,”Gözəl Quba” və s. bu qəbildən olan sənət inciləridir.

Onun yaradıcılığına SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Zeynəb Xanlarova, xalq artisti Məmmədbağır Bağırzadə, əməkdar artist Zöhrə Abdullayeva və digər müğənnilər və xanəndələr müraciət etmişlər. Zeynəb Xanlarovanın ifasında “Mehriban həkim” və “Sevincim” mahnıları bəstəkara xüsusilə şöhrət gətirib.

Bu yerdə yadıma bir hadisə düşdü.

Mirmehdi Seyidzadə haqqında AzTV-də  “Yazdım gözəllər eşqinə”  adlı musiqili – kompozisiya hazırlayan zaman şairin şeirlərini vərəqləyərkən bir şeir diqqətimi çəkdi, onu mahnı kimi gördüm. Məmmədbağır Bağırzadə ilə görüşdüm və “Xatırlayarsan” adlı şeiri ona təqdim etdim. Dedim ki, bu mahnı hökmən verilişdə oxunmalıdır. Bir həftə sonra o, “Xatırlayarsan” adlı yeni mahnını mənə təqdim etdi. Bu uğurlu nəğməyə çevrildi. Hal-hazırda bu mahnı ayrı-ayrı müğənnilərimizin repertuarını bəzəyir.

Kövrək qəlbli Mirmehdi Seyidzadə həmçinin gözəl ailə başçısı, ata, baba idi. Ailəsinə çox bağlı olan sədaqətli insan idi. Onun xatirəsi daim qəlblərdə, nəğmələrdə, şeirlərdə yaşayır və yaşayacaq.

Mirmehdi Seyidzadə Azərbaycan ədəbiyyatında daim layiq olduğu yerdə qalacaq və hər zaman xatırlanacaq, xoş nəsihətlərilə:

El içində elə gəz, görsün hamı sadə səni,
Sadəlik eyləyər hər qüssədən azadə səni.

Bir pəriçöhrəyə ver qəlbini, uyma yetənə,
Qaldırar göylərə eşqiylə pərizadə səni.

Puç edib gəncliyini işrətə çox etmə həvəs,
Dağ kimi qüvvəli olsan da yıxar badə səni.

Qəvvas ol, öz hünərinlə vətənə inci gətir,
Görsün el, fırtınalar qopsa da, dəryadə səni.

Bir ovuc torpağa dönsən, dolanıb keçsə zaman,
Bil vətən torpağı, Mirmehdi, salar yadə səni.                                       

 

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi