Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən iş adamını fikrindən daşındıra bilib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilir ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub:
“Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 16:14-də başa çatıb”.
Qeyd edək ki, 9-cu mikrorayon ərazisində Zərifə Əliyeva adına göz xəstəxanasının yanındakı zeytun bağının içərisində tikilmiş binanın sahiblərindən biri binanın damına çıxaraq, özünə qəsd etmək istədiyini bildirib. Məlumata görə, binanı sökmək istəyirlər.