Modern.az

Paytaxtda mənzilləri qarət edən qadın tutulub

 Paytaxtda mənzilləri qarət edən qadın tutulub

6 Noyabr 2015, 23:43

Bakının Yasamal rayonunda mənzillərdən silsilə oğurluqlar etmiş qadın tutulub. Modern.az APA TV-yə istinadən məlumat verir ki, 2-ci Alatava qəsəbəsindəki 108 saylı evdə yaşayan Ağayev Xalid Babacan oğlu oktyabrın 25-də Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə yaşadığı evə daxil olmaqla xeyli miqdarda pul və zinət əşyalarını oğurladığını bildirib.

29-cu polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini, 1991-ci il təvəllüdlü Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nə təqdim edilib.

Saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb.

Yasamal RPİ-nin müstəntiqi Xaqani Cəfərovun APA-ya verdiyi məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində 20-ə yaxın evə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı talayıb.

Faktla bağlı cinayət işi başlanılıb. İranə Musayevanın Bakının Yasamal və digər rayonlarında başqa cinayətlər törədib-törətmədiyinin aydınlaşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi