Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu ilin sonunadək informasiya texnologiyaları üzrə 100-ə yaxın layihəni maliyyələşdirəcək. Modern.az saytı bildirir ki, bu barədə fondun rəhbəri Elçin Zeynalov məlumat verib.
Onun sözlərinə görə, hazırda Fondun maliyyələşdirdiyi startap layihələri xarici ölkələrdə sərmayələr cəlb edə bilib və artıq kommersiyalaşma istiqamətində iş aparılır. “Uğurlu olsa da, əksər layihələr kiçik miqyaslıdır. Biz istəyirik ki, startapçılar dövlət tərəfindən təqdim edilən maliyyə dəstəyi əvəzində daha da maraqlı, önəmli layihələr təqdim etsinlər”,- deyə E.Zeynalov bildirib. Qeyd edək ki, Fondun Müşahidə Şurası tərəfindən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub. İlkin və kompleks ekspertizadan 62 layihə keçib. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda isə üçüncü qrant müsabiqəsi elan olunub və bu ayın 10-dək müsabiqə çərçivəsində layihələrin qəbulu başa çatacaq.Modern.az