Modern.az

“İranın türk düşmənçiliyi azalmır”

 “İranın türk düşmənçiliyi azalmır”

10 Noyabr 2015, 13:07

Sabir Rüstəmxanlı: “Türklər İranda tarix boyu təhqir olunublar”


Cənubi Azərbaycanda yaşayan türklər İran televiziyasında yenidən təhqir ediliblər. Bu, televiziyanın və ya jurnalistin suçu, yanlışı deyil, şovinist, cahil fars-molla rejiminin gizli və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən qaynaqlanır.

Bu açıqlamanı Modern.az saytına Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı noyabrın 6-da İranın dövlət televiziya kanalında uşaqlara məxsus “Fitilə” adlı proqramda türklərin təhqir edilməsinə münasibət bildirərkən verib. 

Onun fikrincə, Cənubi Azərbaycanda türklərə, xüsusən əsasən də azəri  türklərinə qarşı bu cür mənfi münasibət dövlət və hökumət səviyyəsində aparılır: “Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir dəfə, iki dəfə olar... Amma İranda türklər min ildir təhqir olunurlar. Riyakar və nankor Firdövsinin antitürk “Şahnamə”sindən başlayaraq bu günə qədər. Türklərin Ərdəbildə eşşək, Tehrana getdikdən sonra adam olduğu həqarətini yayan eşşəklərin karikaturası unuduldumu? Bəlkə türkləri böcək şəklində təsvir edən təhqirlər yaddan çıxdı? Yox, bunlar unudulmayıb! Biz sadəlövh, unutqan, hər şeyi bağışlayan, özünə sayğı göstərməyən türklər unutsaq da, bunların yaramaz ideoloqları, ilhamverənləri unutmayıblar və bu işi hər gün çeşidli yollarla davam etdirirlər”.

Xalq şairinin sözlərinə görə, İranda türklərin bir daha aşağılanmasına, təhqir olunmasına görə türklər ayağa qalxması, həmin telekanalın yalandan üzr istəməsi, kiminsə cəzalandırılması ilə iş bitmir: “Biz millət olaraq papağımızı qabağımıza qoyub nə vaxt düşünəcəyik? Biz niyə təhqir olunduğumuzu nə vaxt düşünəcəyik? Niyə İranda, İraqda, Suriyada, Gürcüstanda, Rusiyada, Avropada, hər yerdə incidilən, aşağılanan, təhqir edilən türkdür. Sevməyənimiz çoxdur, bu bəllidir! Türkün dünyaya ağalıq elədiyi yüz illəri unutmayıblar və onun əvəzini alırlar... Bu da bəllidir! Düşmən düşməndir və bunu heç vaxt unutmaq olmaz. İranın keçmiş xarici işlər naziri Xərrazi yazanda ki, ermənilər bizim qan qohumumuzdur, biz - İranda yaşayan türklər də bilməlidirlər ki, bu, İran adlanan ölkənin rəsmi mövqeyidir, o, əhalisinin yarıdan çoxunu, yəni bizləri yad, ermənini isə doğma sayır və həmişə olduğu kimi son 25 ildə də bu siyasətini davam etdirir. İranda rejimlər dəyişilir, şah gedir, molla gəlir və ya fars gedir, türk gəlir, Avropada arvadbazlıqdan başı açılmayan şahları, guya gecə-gündüz ibadət edib, Allaha yalvaran ruhanilər əvəz edir, amma İranın türk düşmənçiliyi azalmır. Əcəba, niyə? Əcəba, niyə bu fiziki və mənəvi kötəklər bizi ayıltmır? Niyə biz başımızı qaldırıb öz ləyaqətimiz haqqında düşünmürük? Əcəba, biz niyə bu qədər qürursuz və hər şeyə boyun əyən olmuşuq? Bunu düşündükmü? Bunu hər gün düşünürükmü? Bunu evimizdə, işimizdə, uşaqlarımızla, ailəmizlə, qohum- əqraba ilə, dostlarımızla, toplum olaraq hər gün düşünüb yol axtarırıqmı? Axtarmırsansa və bu yolu bulmursansa, bu təhqirlər davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq...”

Sabir Rüstəmxanlı bu məsələni şərh edərək tarixin gedişatına nəzər salıb və İran-Turan münaqişəsindən də danışıb: “İranda 2500 ildən artıqdır bir İran-Turan davası gedir. Farslar bunun bilincini daşıyırlar, bunu öz təhsil və tərbiyə sistemlərinin mayasına yerləşdiriblər. Əmisi uşaqları olan ermənilər kimi. Bəs biz? Biz bu 2500 illik gizli-açıq savaş haqqında nə bilirik? Heç nə! Çünki min ildir İranda bizi təhqir edən “Şahnamə” farslarla yanaşı, türklərin də masaüstü kitabı olub, fars onu qürurla oxuyub, biz şüursuzcasına, müqavimətsiz, ölü bir seyrçi ruhla və ya ruhsuzluqla...”.

Sabir Rüstəmxanlı belə halların baş verməsində dilimizə olan biganəlik faktoruna, həmçinin regionda baş verən siyasi hadisələr fonunda İran-Ermənistan münasibətlərə də toxunub:  “Tarixi qoyuruq bir kənara. Farslarla da işimiz yoxdur. Böyüklərimiz demişkən: “Yağı düşmən dost olmaz!” Bəs biz? Bizim özümüz? Bizim heç günahımız yoxdur? Fars sayca bizdən az ola-ola İranın hakim xalqına çevrilib, hər şeyi farslaşdırır, türkün bütün mədəniyyətini Rersiyanın adına yazır...

Qardaşlarım, bu, təhqir deyil? İranda minlərlə ailə türk kimliyini unudaraq özünü fars kimi aparır, uşağına ana dilini öyrətmir, türkcə danışmağı özünə sığışdırmır. Bu, təhqir deyil? Türk milli kimliyini unudanların sayı-hesabı yoxdur... Bu, təhqir deyil? Türkcə məktəb yox, universitet yox və on milyonlarla türk buna dözür... Bu, təhqir deyil? Böyük, şərəfli türk bu gün İranda, gəlmə farslardan çox-çox öncədən onun ana yurdu olan bu torpaqda uşağına ana dilində ad verə bilmir, dükanına, bazarına yad adlar qoyur... Bu, təhqir deyil?

Güney Azərbaycanı torpaqları üstündən hər gün Qarabağı işğal edib, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir, Yerevan bazarları İrandan gedən azəri türklərilə doludur... Bu, təhqir deyil? İrandan köçüb Avropaya gedən, dünyaya yayılan güney azərbaycanlı qardaşlarımız farsın təsiri olmayan yerlərdə də öz uşaqları ilə farsca danışırlarsa bu, təhqir deyil? Yox, məncə bu, farsın təhqirindən daha ağır təhqirdir! Özünə sayğı göstər ki, başqası da göstərsin... Böcək, uzunqulaq... Belə bənzətmələrlə bizi təhqir edənlər öz kimliklərini göstərirlər. Bu yolla yatmış milləti oyadır, öz qəbirlərini qazırlar. Özümüzə, kimliyimizə, dilimizə, torpağımıza, tariximizə, varlığımıza, dəyərlərimizə, bir-birimizə, türk olmaq şərəfinə sahib çıxmamaqdır ən böyük təhqir... Buna son qoymasaq öz sonumuzu gətirəcəyik...”

Noyabrın 6-da İran dövlət  televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb formada türklər təhqir olunub.

Ağa  Akifoğlu

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi