Modern.az

“Prezidentin dillə bağlı iradından məmurlar ciddi nəticə çıxarmalıdır”

“Prezidentin dillə bağlı iradından məmurlar ciddi nəticə çıxarmalıdır”

Təhsil

10 Noyabr 2015, 15:12

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) noyabrın 9-da keçirilən  70 illik yubileyində çıxışında bir çox elmi məsələlərlə bərabər Azərbaycan dilinin qorunmasının vacibliyinə də toxunub:

Azərbaycan dilinin bizi bir xalq, millət kimi qoruduğunu deyən ölkə başçısı dilə xaricdən edilən müdaxilələrin yol verilməz olduğunu bildirib:  
“Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”. 

Azərbaycan dilinin lüğət fondunun qorunması və onu yad təsirlərdən mühafizəsinin  birinci şəxs tərəfindən səslənməsi çox təqdirəlayiqdir. Lakin ölkədə bəzi nazirliklərdə, dövlət müəssisələrində xarici dillərin, xüsusən də rus dilinin hegemonluq etməsi, ana dilinin ikinci plana salınması hallarına rast gəlirik. Bəzi rəsmi yerlərdə isə dövlət məmurları ana dilindən istifadə etsələr də, qəliz terminologiya ilə onun axıcılığına xələlə gətirirlər. Dilçilik İnstitutunun Monitorinq qrupunun rəhbəri professor Qulu Məhərrəmli Modern.az saytına açıqlamasında prezidentin ana dili  ilə bağlı çıxışının sevindirici olduğunu qeyd edərək məmurların ondan necə nəticə çıxaracağını zamanın öhdəsinə buraxıb:

“Məmurlarımız bir çox hallarda belə məsələlərə kampaniya kimi baxırlar. Bu gün deyildi, sonra yaddan çıxdı getdi, sabah lazım olmayacaq prinsipi ilə yanaşırlar. Halbuki bu, bir normaya, davranış və düşüncə tərzinə çevrilməlidir. Bizim bəzi məmurlar da bunu anlamalıdırlar ki, Azərbaycan dili xalqın, millətin dilidir. Prezidentin bu məsələyə toxunmağı hesab edirəm ki, çox vacib idi, çox yerində idi. İndiki proseslərə “dayan” işarəsi vermək idi. Kim necə nəticə çıxaracaq, bunu deməyə çətinlik çəkirəm. Bir məmur, dövlət qurumunun rəhbəri millətə, xalqa, onun dilinə bağlıdırsa, prezidentin çıxışından xitab kimi istifadə edə bilər. Dilə barmaqarası münasibət olan yerdə həmin yanaşma qalacaq.  Amma ümumən prezidentin ana dilimiz barəsində çıxışı, dil haqqında xüsusi qanunun olması çox sevindiricidir”.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi