Modern.az

“Azərsu” ilə Böyük Britaniya şirkəti arasında memorandum imzalanıb - FOTO

“Azərsu” ilə Böyük Britaniya şirkəti arasında memorandum imzalanıb - FOTO

Təhsil

10 Noyabr 2015, 17:00


Noyabrın 10-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində  Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri ilə “Azərsu” ASC arasında Əməkdaşlıq Haqqında Memorandum imzalayıb.

Memorandum Biwater və Nobel Oil şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları” layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb:

“Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan Biwater şirkəti ilə əməkdaşlığın geniş perspektivləri vardır. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcəkdir. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaqdır”. 

Biwater şirkətinin icraçı sədri Edrian Uayt bildirmişdir ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılıb. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik”.

İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib. 

Əməkdaşlıq Haqqında Memorandumu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Biwater şirkətinin icraçı sədri Edrian Uayt və  Nobel Oil şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıblar. Sənədə əsasən Biwater və Nobel Oil şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.  Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon ABŞ dolları vəsait ayrılması təklif edilib. Qeyd edək ki, Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planının tövsiyələrinə əsasən yarımadanın yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması üçün hövzələr seçilmiş, hər bir hövzə üçün çirkab sutəmizləyici qurğular kompleksləri və magistral kanalizasiya kollektorları layihələndirilib. 

Böyük Britaniyanın “Biwater” şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət 90-dan çox ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı  və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Nobel Oil şirkəti isə Xəzər regionunda mühəndis-layihələndirmə, qazma və layihələrin idarə olunması, texniki və servis xidmətlərinin göstərilməsi, təchizat, satınalmalar və layların məhsuldarlığının artırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi