Modern.az

“Rəsmi mərasimlərdə terminlərdən yersiz istifadə baş alıb gedir”

“Rəsmi mərasimlərdə terminlərdən yersiz istifadə baş alıb gedir”

12 Noyabr 2015, 11:57

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) noyabrın 9-da keçirilən 70 illik yubileyində Azərbaycan dilinin qorunmasının vacibliyinə də toxunub:

Azərbaycan dilinin bizi bir xalq, millət kimi qoruduğunu qeyd edən dövlət başçısı dilimizə xaricdən edilən müdaxilələrin yol verilməz olduğunu xüsusi vurğuladı:  

“Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq.

Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”. 

Azərbaycan dilinin lüğət fondunun qorunmasının və onun yad təsirlərdən mühafizəsinin dövlət başçısının səsləndirməsi çox təqdirəlayiqdir. Lakin bəzi nazirliklərdə, dövlət müəssisələrində xarici dillərin, xüsusən də rus dilinin hegemonluq etməsi, ana dilinin ikinci plana salınması hallarına rast gəlirik. Bəzi rəsmi yerlərdə isə dövlət məmurları ana dilindən istifadə etsələr də, qəliz terminologiya ilə onun axıcılığına xələl gətirirlər. 

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca Modern.az saytına açıqlamasında prezidentin dillə bağlı çıxışının lap yerinə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, ictimai yerlərdə və rəsmi mərasimlərdə terminlərdən yersiz istifadə artıq baş alıb gedir və bunun qarşısı mütləq alınmalıdır:  

“Terminlərdən ən çox o ziyalılar istifadə edir ki, onlar özlərini başqalarından daha ağıllı, daha ziyalı sayırlar. Terminlərdən də istifadə etmək olar. Amma onlardan ehtiyac yarananda istifadə olunmalıdır. Yoxsa, yeri gəldi-gəlmədi, hamısı terminlərdən istifadə edir. Belə adamlar kifayət qədərdir. Elə danışmalısan ki, səni evindəki anan da, atan da, savadsız nənən də başa düşməlidir.

Bu məsələnin birinci tərəfi. İkinci tərəfi odur ki, bir xalqı yox eləmək üçün əvvəlcə onun dilindən başlayırlar. Əvvəllər rəsmi adamlar, ziyalılar bir yerdə oturan kimi mütləq söhbətlərin arasına “uje”, “poçti”,  “davay” kimi sözlər qatırdılar. Bir də görürdün ki, özü və arvadı azərbaycanlı olan bir ziyalı ana dilini gözəl bildiyi halda evində rus dilində danışır. Sonradan bunların uşaqları da ətrafda öz ana dillərində danışa bilməyəcəklər”.

Xalq şairi dilin qorunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin nə kimi tədbirlər planı həyata keçirəcəyinə də toxunub:   “Bilirsiniz, konfransla, tədbirlə dili öyrənmək və öyrətmək olmaz. Yazıçılar Birliyində olanların hamısı yazıçılardı, şairlərdi, söz adamlarıdır. Onların bu dili bilməmələri mümkün deyil. Biz konfrans keçirib deməliyik ki, dilinizi öyrənin?! Bu, mümkün deyil”.  

Elmin NURİ  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?