Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım azərbaycanlı bir iş adamı vasitəsi ilə baş məşqçi Yoze Mourinyonun “Çelsi”dəki vəziyyəti haqqında məlumat toplamağa çalışıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Çelsi”nin prezidenti Abramoviçin “Mourinyonun vəziyyəti naməlumdur” deməsindən sonra “Fənərbaxça” rəhbərliyi portuqaliyalı mütəxəssis üçün gözləmək qərarı alıb.
Komandanın oynadığı pis futbol səbəbindən dövrə arasında Vitor Pereira ilə yolları ayırmağı düşünən prezident Aziz Yıldıım azərbaycanlı bir iş adamı vasitəsi ilə Yoze Mourinyonun “Çelsi”dəki vəziyyətini soruşub. Azərbaycanlı iş adamının İngiltərə klubunun prezidenti Abramoviçə “Fənərbaxça”nın Mourinyo ilə maraqlandığını bildirərək, portuqaliyalı baş məşqçinin İngiltərədəki gələcəyi haqqında məlumat aldığı öyrənilib.
“Çelsi” klubunun prezidentinin “Mourinyonun vəziyyəti naməlumdur” cavabını verdiyi də müəyyən olunub.
İngiltərədə Mourinyonun ayrılacağı və “Çelsi”yə Karlo Ançelottinin baş məşqçi gətiriləcəyi iddia edilib. Karlo Ançelottinin ötən günlərdə Abramoviçlə görüşdüyü də bildirilir.
Modern.az