Modern.az

Rəşad Məcidə açıq məktub

Rəşad Məcidə açıq məktub

17 Noyabr 2015, 11:38

Rəşad Məcid, kəndimizdən dəmir yolu keçir. Uşaq vaxtı hərdən oturub   qatarın gəlişini, gedişini seyr eləyərdim. Ağır yük vaqonları  nərildəyə-nərildəyə öz yolu ilə gedəndə kəndimizin itləri hürüşərdi. Bəziləri cumardı vaqonların dalınca,  kənddən çıxana qədər müşayət edərdilər qatarı. Uşaq təxəyyülümlə düşünürdüm ki, bu itlər niyə əl çəkmirlər qatardan? Bir-iki dəfə hürüb onun mənasız olduğunu görəndən sonra  gələn dəfə gərək sakit oturaydılar. Onsuz da, qatarın heç vecinə deyildi onların hürməyi. Yolu ilə aram-aram gedirdi, onlar hürdülər, ya hürmədilər, qatar üçün fərqi yox idi, baş alıb hədəf götürdüyü mənzilinə gedir, əsas məqsədinə doğru irəliləyirdi. Bu itlər niyə başa düşmək istəmirdilər ki, nahaq zəhmət şəkirlər. Bir dəfə əmimdən soruşdum, dedi ki, a bala, bu itlərin xasiyyətidir, nəyi ki, özlərindən böyük, güclü gördülər, ona hürərlər, görmürsən, maşınlara da hürürlər, arabaya da hürürlər. Dedi ki, keçmiş vaxtlarda qatar-zad olmazdı, bu itlər kənddən, obadan keçən dəvə karvanlarına hürərmişlər. “İt hürər, karvan keçər” məsəli də qədimdən yaranmış sözdür. Bu söhbətdən sonra  bir az sakitləşdim, daha itləri qınamadım.

Ancaq yaşımın bu çağında hərdən itlərin o hərəkəti yadıma düşür. Bir də görürsən, gözümüzü döyənək edən şou proqramların birində “yumurtadan dünən “dınq” eləyib çıxan” bir “müğənni” adı tariximizə düşən korifey sənətkarları təftiş edir. Onlar  “Şövkət Ələkbərovanın səsi çox yorucu idi”, yaxud “Rəşid Behbudovun adı çıxmışdı” kimi ittihamlar səsləndirəndə yadıma o qatar düşür. Yaxud,  yazdığını “özünəbənzərlərdən” başqa heç kəsin oxumadığı və yaxud oxusa da heç nə başa düşmədiyi, “özünə şair deyən yerindən duran”ın birisi az  qala Füzulini, Seyid Əzimi təftiş eləyib onlarda eyib axtarır, itləri xatırlayıram. Milli dəyərlərimiz sırasına və tarixə düşən Bəxtiyar Vahabzadə haqqında hərcayı söhbətləri eşidəndə yadıma həmin məsələ düşür. Axı sən niyə öz tay-tuşunla yox, Şövkət Ələkbərova, yaxud Bəxtiyar Vahabzadə ilə əlləşirsən? Cavab aydındır, mən sualı elə-belə verdim- ucuz şöhrət qazanmaq üçün ən yaxşı yol nəhənglərlə cəngə girməkdir, qoy desinlər ki, maşallah, nə yaxşı itdir, o boyda qatara hürür, heç qorxmur.

Başqa itlər balaca bir çaqqal görəndə gizlənir, amma bizim it gör nə yekəlikdə qatara cumur. Bərəkallah, halal olsun, ay it, sənə! Daha deyən yoxdur ki,  ay it,  sən o qatarın heç vecinə də deyilsən! Sən  yox e, səni kimi yüz it gəlsə də onun vecinə olmayacaq. Yüzünüz onun bir təkərini bir anlıq saxlamaq zorunda deyilsiniz. Zaman çarxı kim heç nəyi saya salmayan o təkərlər öz yolundadır, taleyin belinə qoyduğu yükü sağ-salamat mənzil başına  çatdırmaq əzmindədir, siz isə qorxudan 5-6 metr də ona yaxın gedə bilmirsiniz, ay itlər.Qorxursunuz ki, onun yeli sizi aparar, uzaqdan dayanıb hürürsünüz, sahibiniz də qürrələnir. Ixtiyar sahibisiniz, ay itlər,  sizin dəmir yoluna tərəf qaçmağınıza, qatara hürməyinizə heç bir məhdudiyyət yoxdur, əgər birinin danası, ulağı  ya uşağı ora qaçsaydı, dünya dağılardı, vay-şivən qopardı ki, aman allah,  bir xata yetər. Sizə heç bir sorgu-sual yoxdur, yol açıq, sizə də problem yaradan yox, nə istəyirsiniz, kimə nə qədər hürürsünüz, hürün. Ancaq bu mənasız hürüşməkdən siz düz nəticə çıxarın,ay itlər.  Bəlkə, daha  hürməyəsiniz? 

Rəşad Məcid  bir qatardır,

Vicdan adlı  yük aparır.

Yüz nəfərin bacarmayıb

Etmədiyin tək aparır. 

 

Əyilmədi bu yüklərə,

Mənsəblərə, böyüklərə.

Şər atdılar milyon kərə,

Yenə başın dik aparır.

 

Belə gördük  qananları,

Vicdan ilə yananları.

Vicdansızın yalanları

Gözdən ancaq  tük aparır.

 

Hərənin bir ömür yolu,

Bir əvvəli, fərqli sonu.

O dünyaya kimi yoluq,

Kimi özün pak aparır.

 

Rəşad kimi tarixdədir!

O, pozulan yazı deyil!

Ayağının tozu deyil,

Kim ki, ona şəkk aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi