Modern.az

“Uşaqları valideynlər cinayətkar edir”

“Uşaqları valideynlər cinayətkar edir”

18 Noyabr 2015, 10:30


Uşaqlar bizim gələcəyimizdir. Bəs, uşaqlarımız cinayətkarlığa qurşansalar, gələcəyimiz necə olacaq?  Uşaqları hər zaman nəzarətdə saxlaya bilirikmi?

2015-ci ilin statistikasına nəzər saldıqda görürük ki, uşaqlara nəzarət heç də ürəkaçan olmayıb.

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev Modern.az saytına açıqlamasında deyib ki, uşaqların cinayətkara çevrilməsində valideynlərin rolu böyükdür:

“Uşaqların dərsdən yayınmasının əsas səbəbkarı valideynlərdir. Valideyn nəzarəti zəif olanda uşaq dərsdən yayınaraq başqa işlərə meyl göstərir. Məsələn, uşaq məktəb adı ilə evdən çıxır, amma internet kluba, bəzən isə bazara hansısa işlə məşğul olmağa gedir. İndiki dövrdə həm ana, həm də ata işlədiyi üçün uşaqlara nəzarət zəif olur. İnternet kluba gedən uşaqdan isə valideynin xəbəri olmur. Uşaq davamlı nəzarətsiz qaldıqda cinayətə meyl göstərir, öncə internet kluba gedir, sonra siqaret çəkir, narkotik qəbul edir, oğurluq edir. Keçirilən monitorinqlər və psixoloji testlərdən məlum olub ki, ailədaxili problemlər, valideynlər arasında mübahisələr və boşanma olanda uşaqlarda dərsdən yayınma və cinayətə meyllənmə baş verir. Valideynlərə tövsiyəm odur ki, uşaqları nəzarətsiz qoymasınlar. Onların təhsil aldığı məktəb ilə əlaqəni genişləndirsinlər, hər gün uşağın davamiyyəti haqda məlumat alsınlar. Əgər belə olsa, uşaq məsuliyyət hiss edərək pis əməllərdən çəkinəcəklər. Valideyn arasında mübahisə olanda belə, bunu uşağa hiss etdirməmək lazımdır. Bunun qarşısını almaq üçün bəzi məktəblərdə psixoloji testlər edirik”.

Nazir Quliyev onu da qeyd edib ki, dərsə meyli olmayan uşaqları 9-cu sinifdən peşə məktəbinə yazdırmaq lazımdır: “Uşaq peşə məktəbində yeni mühitə düşəcək, hansısa peşəyə marağı yaranarsa, cinayətkar mühitdən də uzaqlaş bilər”.

2015-ci ilin birinci yarısında cinayət törədən 14-18 yaşadək olan yeniyetmələrin sayı 239 olub ki, bunun 232 nəfəri oğlan, 7 nəfəri isə qızdır.

2015-ci ilin birinci yarısında bu yaş qrupunda olanların 6 nəfəri (5-i oğlan, 1-i qız) qəsdən adam öldürmə və adam öldürməyə cəhddə, 17 nəfəri (hamısı oğlandır) qəsdən sağlamlığa zərər vurmada, 122 nəfər (120-si oğlan, 2-si qız) oğurluqda, 2 nəfər (oğlan) soyğunçuluqda, 5 nəfər (oğlan) quldurluqda, 2 nəfər (oğlan) dələduzluqda, 16 nəfər (oğlan) xuliqanlıqda, 5 nəfər (oğlan) narkotik vasitələrlə bağlı cinayətlərdə, 11 nəfər (10-u oğlan, 1-i qız) hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə, 53 nəfər (50-si oğlan, 3-ü qız) digər cinayətlərdə təqsirləndirilib.

Emil Rasim

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi