“Bu gün dünyada gedən qlobal inkişaf özü ilə müəyyən problemlər gətirir. Uşaqların internetdən istər evdə, istər internetklublarda nəzarətsiz istifadəsi sonda fəsadlara yol açır. İnternet təhlükəsizliyi üçün evdə nəzarətin təmin olunması vacibdir, digər tərəfdən internetklublarda xüsusi filtirləşmiş kompüterlərdən istifadə olunmalıdır”.
Modern.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O qeyd edib ki, uşaqlar internetklublara daxil olursa, onlar üçün filtirləşdirilmiş kompüterlərin verilməsi vacib məsələdir.
“Valideynlərlə işdən danışırıqsa, tövsiyələrimiz olur ki, evdə uşaqları istifadə etdikləri kompüterləri qapı açılanda görə biləcəkləri yerdə qoysunlar. Daha yaxşı olardı ki, kompüter böyüklərin olduğu əsas istifadə otağında olsun və daim onlar nəzarətdə saxlanılsın. Çünki müəyyən cinayətkar qruplar internet vasitəsilə uşaqları qurbanına çevirirlər. İstər narkomaniya, istər insan alveri olsun, biz bunun fəsadlarının şahidi oluruq”.
Sədr müavini digər problemdən də danışıb:
“Əvvəllər ailələrdə uşaqlarla ünsiyyət olardı, fikir mübadiləsi aparılırdı, süfrə arxasında oturub nəyisə müzakirə edərdilər. Amma indi bu məslələrdə müəyyən boşluq olduğu üçün uşaqlar yaxınlığı, münasibəti sosial şəbəkələrdə tapırlar. Hər birimiz də bilirik ki, cinayətkar qruplar məhz bu nüansdan istifadə edərək uşaqları, yeniyetmələri özlərinə cəlb edirlər”.
Belə faktlardan biri kimi A.Sofiyeva internet vasitəsilə qızların erkən nikaha girməsi məsələsini göstərib.
“Belə faktlar olur, bununla bağlı valideynlər müraciət edir. Bu yaxınlarda bir valideyn müraciət etmişdi ki, 12-13 yaşlı oğlu var ki, onda artıq xəstəlik kimi internetdən asılılıq yaranıb və xahiş edib, kömək istəyirdi. Ona görə valideynlərin gözü açıq olmalı və bu nüansları bilməlidir. Biz valideynlərlə bu istiqamətdə işləyirik.
İnternet elə bir sahədir ki, tam filtirləşmə aparsaq, burada digər insanların hüquqlarının pozulması ortaya çıxır. Ona görə bu incə məsələdir. Amma uşaq hüquqlarının müdafiəsi, təminatı bizim üçün ən vacib məsələdir. Biz yollar axtarırq ki, uşaqlarımızı maksimum qoruya bilək”.
Aytən ZƏHRA