Beynəlxalq Təhsil Mübadiləsinə dair 2015-ci il üzrə “Open Doors” hesabatı bu gün işıq üzü görüb. Hesabatın məlumatlarına əsasən, ABŞ kollec və universitetlərinə qəbul olunan beynəlxalq tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib və rekord hədd olan 974926 nəfərə çatıb.
Qeyd edilən əhəmiyyətli artım Amerika Birləşmiş Ştatlarının ali təhsil sahəsində əsas təyinat seçimi ölkəsi olduğunu bir daha nümayiş etdirir. Open Doors hesabatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu ilə birgə Beynəlxalq Təhsil İnstitutu tərəfindən hər il nəşr olunur.
Modern.az saytının məlumatına görə, yeni hesabat 2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbənin ABŞ-da təhsil aldığını göstərir.
Yeni Open Doors məlumatlarının nəşri Amerikalıların qlobal mühitə hazırlanması və Amerika Birləşmiş Ştatlarında təhsil almaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq məqsədilə xarici ölkələrdən gələcək liderlərin cəlb edilməsi məqsədilə ABŞ Dövlət Departamenti ilə ABŞ Təhsil Departamenti tərəfindən birgə təşəbbüs edilən Beynəlxalq Təhsil Həftəsinin keçirilməsi ilə eyni vaxta təsadüf edir. Beynəlxalq Təhsil Həftəsi Azərbaycanda EducationUSA tərəfindən təşkil edilən tədbir olmaqla müxtəlif tələbələri cəlb edir və onlara ABŞ təhsil sistemi barədə məlumat verməklə ABŞ-a üz tutan tələblərin sayının artırılmasına xidmət edir.
EducationUSA təşkilatının Azərbaycan nümayəndəliyi hər il iki sərgi təşkil edir; bunlar yazda keçirilən Məzunlar Sərgisi və payız dövrü ərzində EducationUSA Sərgisidir. Sözügedən sərgilər ABŞ ali təhsil ocaqlarında təhsil almaq istəyən 650 nəfərdən çox tələbəni bir araya gətirir. Eyni zamanda, EducationUSA digər təşkilatlar tərəfindən Azərbaycanda təşkil edilən təhsil sərgilərində, o cümlədən BEGIN Təhsil Sərgisində, A2 Sərgisində və Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir.
2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən Azərbaycandan olan tələbələr Amerika Birləşmiş Ştatlarında əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər. Belə ki, tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısa-müddətli kurslar kimi qeyri-dərəcə proqramları üzrə təhsil alır.
On il bundan əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş il ərzində artım tempi daha yüksək olub. Hazırda beynəlxalq tələbələr ABŞ ali təhsil ocaqlarına daxil olan 20 milyon nəfərdən artıq şəxsin demək olar ki, beş faizini təşkil edir ki, bu da ötən illərdəki təqribən dörd faizlik göstəricidən yüksəkdir. Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də Amerikalı tələbələrin sayının azalması ilə izah olunur.
Modern.az