Horadiz şəhər stadionda Müdafiə Nazirliyi ilə Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.
Bayram tədbirinin keçirildiyi Horadiz şəhər stadionu tədbirin mövzusuna uyğun bəzədilib, stadionda hərbi şəhərcik təşkil olunub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin zabiti, hərbi vətənpərvərlik bayramının ssenari müəllifi polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin respublikamızın bölgələrində rayon İcra Hakimiyyətləri ilə birgə xalqla ordunun birliyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik bayramları keçirdiyini bildirib, növbəti möhtəşəm tədbirin cəbhə bölgəsində Horadiz şəhərində təşkil olunduğunu qeyd edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə cəbhə bölgəsində - Horadiz şəhərində belə möhtəşəm tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə görkəmli siyasi xadim Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilib. Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar.
“Füzulililər həmişə Vətənə, xalqa, dövlətə sədaqətli olmuş, Heydər Əliyevə, onun siyasətinin layiqli davamçısı Prezident, Ali Baş komandan İlham Əliyevə hər zaman inanmış, dəstəkləmişlər. Bu gün də füzulililər Prezident, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşiblər, prezidentlərinə, vətənin keşiyində dayanan əsgərlərinə inanır və güvənirlər”.
Füzuli rayonundan millət vəkili Bahar Muradova bayram tədbirində çıxış eedib, belə möhtəşəm tədbirin Horadiz şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb.
General-leytenant Yaşar Aydəmirov çıxış edərək, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir iştirakçılarına çatdırıb.
Vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyadan sonra Horadiz şəhərinin erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən keçmiş döyüşçülər fəxri kürsüyə dəvət olunub. Cəbhə xəttinin Füzuli istiqamətində torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən Paralimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyevə Füzuli rayonunun fəxri sakini vəsiqəsi və medalı təqdim olunub.
Teatrlaşdırılmış kütləvi mərasim videoçarxların, Füzuli Dövlət Dram teatrının aktyorlarının, bədii özfəaliyyət kollektivlərinin, incəsənət ustalarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının çıxışları ilə davam edib.
Sonda Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılıb, tədbir əsgərlərin və rayon sakinlərinin alqış sədaları altında başa çatıb.
Modern.az