Bir müddət bundan öncə Azərbaycanın xalq artisti, rejissor Əbdül Mahmudovun məşhur Hollivud aktyoru Corc Klunini beynəlxalq məhkəməyə verəcəyi barəsində xəbər vermişdik. Modern.az saytı vasitəsinlə mediaya müraciət edən rejissor erməni təxribatının fiqur kimi istifadə etdiyi məşhur aktyorun susdurulmasını istəyib:
“Bu yolda mənə sizin və bütün medianın dəstək olmasını istəyirəm. Məşhur amerikan aktyor Corc Kulini qondarma “erməni soyqırımı” ilə bağlı ABŞ Senatına etiraz edib. Senata bildirib ki, “siz türk ölkələri ilə biznes maraqlarına görə bu “soyqırımı”nı qəbul etməmisiniz”. Yəqin ki, sizin də xəbəriniz var: ABŞ Senatı qondarma “erməni soyqırımı” ilə bağlı məsələni oxunuşa çıxarmadı. Həmin aktyor da buna etiraz edib. Görünür burada erməni lobbisinin və diaspor təşkilatlarının əli var. Çünki onların diasporları bizdən fərqli olaraq yaxşı işləyir”.
Saytla yenidən əlaqə saxlayan xalq artisti artıq Corc Kluniyə ünvanladığı müraciət məktubunun haz;r olduğunu bildirib:
“O, ermənilərin tərəfini saxlamaqla məşğuldur. Mən bir çox qurumlara müraciət etdim. Sonda qərara gəldim ki, özüm ona cavab müraciəti yazım. Artıq müraciət məktubum hazırdır. Mən onu Kluniyə yollayacağam. O bu əməllərindən əl çəkməsə Beynəlxalq Haaqa Məhkəməsinə verəcəyəm”.
Qeyd edək ki, məşhur aktyor-rejissor Corc Kluni bir müddət öncə qondarma “erməni soyqırımı”nı dəstəklədiyini bildirib və ABŞ Senatını bunu oxunuşa çıxarmamaqda tənqid edib.
Elmin NURİ