“2015-ci ilin 9 ayı ərzində qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötmüşdür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilmişdir”.
Modern.az xəbər verir ki, bu sözləri ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.
Nazir bildirib ki, ədliyyə fəaliyyətində açıq hökumətin təşviqi, müasir İKT-lərin, elektron xidmətlərin geniş tətbiqi vətəndaş məmnunluğu doğurur. Hazırda şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir. Ədliyyə orqanları tərəfindən 20-dək elektron xidmətlər aparılır, müxtəlif mətbu nəşrlər, illik toplular çap olunur.
“Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmişdir. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4.100-ü ötmüş, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir”.
Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.
Eyni zamanda, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
“Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.
Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanılmış, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılmışdır.
Ekspertiza sahəsində elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla 9 ayda 21.000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilmişdir. Ekspertlər qarşısında qoyulmuş 500 minə yaxın sual cavablandırılmışdır ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur”.
F.Məmmədovun sözlərinə görə, Prezidentin ötən bir ildə imzaladığı sərəncamlarla 190 nəfərədək şəxs əfv olunub.
Bugünədək 4.200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib.
Modern.az