Parlament seçkiləri başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı protokolları əsasında seçkilərin ümumi yekunlarına dair müvafiq qərar qəbul edir. Bundan sonra MSK həmin sənədi Konstitusiya Məhkəməsinə təsdiqlənmək üçün göndərir. Bu instansiyada isə seçkilərin nəticələri rəsmən təsdiqlənir.
Maraqlıdır, MSK-nın təsdiq etdiyi qərarı Konstitusiya Məhkəməsi geri qaytararsa, bu, MSK-nın nüfuzuna xələl gətirə bilərmi?
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Konstitusiya Məhkəməsinin Mərkəzi Seçki Komissiyasından fərqli səlahiyyətləri var və həmin çərçivədə də qərar qəbul edir.
O qeyd edib ki, Konstitusiya Məhkəməsinin seçkilərin yekunu ilə əlaqədar qəbul etdiyi hər hansı qərar Mərkəzi Seçki Komissiyasının nüfuzuna xələl gətirə bilməz:
“Bu qərar konstitusion normaların tələblərinə uyğun qəbul edilir. Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş qaydada məsələlərə yanaşmaq və ona uyğun qərar qəbul etmək səlahiyyətinə malikdir”.
Vüsalə Qəzənfərqızı