Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Fransanın terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə göstərilən səylərin iki dəfə artırılması və əməliyyatlarda iştirak edən ölkələrin daha intensiv hərəkətini ehtiva edən qətnamə layihəsini yekdilliklə qəbul edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT TŞ-nın qəbul etdiyi 2249 saylı qətnamədə İŞİD-in Tunis, Ankara, Beyrut ilə Parisdəki qırğınları və Rusiya təyyarəsinin vurulması pislənilib və terror təşkilatının beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığı vurğulanıb.Qətnamədə BMT üzvü olan ölkələrin Suriya və İraqda İŞİD ilə mübarizədə səylərini iki dəfə artırmaları, xarici ölkələrdən terror təşkilatına qoşulmaq üçün gələnlərin giriş-çıxışlarının, maliyyə resurslarının təmin olunmasının qarşısının alınması tələb olunub.
Qətnamənin tarixi əhəmiyyəti olduğunu vurğulayan Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre İŞİD-ə qarşı hava hücumlarını gücləndirəcəklərini deyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin də qətnaməni dəstəklədiklərini bildirərək deyib ki, beynəlxalq terrorizmə qarşı mübarizə barədə ölkələr arasında getdikcə böyüyən bir anlayış var.
Parisdə 130 nəfərin həyatını itirməsi ilə nəticələnən hücumların ardından Suriyada İŞİD hədəflərinə keçirdiyi əməliyyatları artıran Fransa diplomatik dəstək almaq üçün hazırladığı qərar layihəsini bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Ağa Akifoğlu