Azərbaycandakı seçkilərə dair Avropa Şurası Parlament Assambleyasının seçki missiyalarının rəyləri dinləniləcək. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun iclaslarında iştirak etmək üçün noyabrın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.
Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, noyabrın 26-da deputat Elxan Süleymanov da nümayəndə heyətinə qoşulacaq.
S.Seyidov əvvəlcə Avropa Mühafizəkarları Siyasi Qrupunun prezidenti qismində AŞ PA-nın Prezidentlər komitəsinin iclasında iştirak edəcək, sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun Büro iclasına qatılacaq.
Həm Büro, həm də Daimi komitənin iclasını AŞ PA-nın sədri Ann Brassör açacaq. İclaslarda cari məsələlər müzakirə olunacaq, qurumun 2016-cı il yanvar sessiyasının gündəliyinə baxılacaq. Bu payız Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilmiş parlament, Belarusda prezident, Ukraynada yerli seçkilərə dair AŞ PA-nın seçki missiyalarının rəyləri dinləniləcək. Büroda, həmçinin konstitusiya islahatları ilə əlaqədar dekabrın 6-da Ermənistanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq.
Daimi komitədə isə Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin məruzəçisi S.Qafarovanın “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi” mövzusunda məruzəsi müzakirə olunacaq. Qeyri-insani rəftar və işgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Mikola Qnatovski ilə fikir mübadiləsi aparılacaq.
Deputatlarımız bütün müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Modern.az