Bakının 136 məktəbində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Modern.az saytının əməkdaşı məktəbəhazırlıq qruplarının fəaliyyəti barədə məlumat toplamaq üçün Bakı şəhəri 5 nömrəli tam orta məktəbində olub.
5 nömrəli tam orta məktəbin direktoru Nərminə Gündüzlü bizimlə söhbətdə qeyd etdi ki, bu təhsil müəssisəsindəki məktəbəhazırlıq qruplarında 6-ı yaşı tamam olmamış 75 uşaq dərsə gəlir.
“Valideynlərdə məktəbəhazırlıq qruplarına maraq artıb və uşaqlarını bura yazdırmağa çalışırlar. Əvvəllər məktəbə ilk dəfə gətirilən azyaşlı uşaqlar arasında valideynlərinin arxasınca ağlayanları olurdu, amma belə hallar tədricən aradan qalxır. Bu qruplara cəlb olunan uşaqlar məktəb anlayışı, məktəbin nə olduğunu öyrənib bilirlər”.
23 ildir müəllimə işləyən Mətanət Məmmədova məktəbəhazırlıq qrupların fəaliyyətindən və əhəmiyyətindən danışdı. “Uşaqlar ilk dəfə bura gələndə adaptasiya ola bilmirlər. Amma məktəbəhazırlıq qruplarına gələn uşaqlar məktəbə daha tez öyrəşir və artıq şagird olanda ona davranış qaydaları deyil, dərs keçməyə başlayırıq. Məktəbəhazırlıq qruplarında dərs keçmiş uşaqlarla işləmək daha asandır. Burada dərslər ümumi biliklər üzərində qurulur. Təbiətin əhəmiyyətindən danışılır, say və yazı vərdişləri örgədilir”.
Valideyn Ehtiram Ağayev isə məktəbəhazırlıq qruplarının uşaqlara olan təsirdən danışdı.
“Bir aydan çoxdur ki, uşağım məktəbəhazırlıq qrupuna gəlir. Burada keçilən dərslərin təsiri böyükdür. İlk günlər sıxılırdı, amma getdikcə adaptasiya olunur. Evdə də davranışlarından hiss olunur ki, bu hazırlıqlara marağı yaranıb”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyevanın bildirdiyinə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.
Bu il noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə gündə 3 dərs, hər dərs 35dəqiqə olmaqla keçirilən hazırlıq məşğələsinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur. Təhsildə atılan ilk adım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimələrinə üstünlük verilir.
Emil Rasim