“Mən ötən gün Nardaranda baş verən hadisələrdən sonra özümə gələ bilmirəm. İki polis əməkdaşının və dindarların həlak olması mənə çox pis təsir etdi”.
Bunu Modern.az saytına açıqlamasında İslam Partiyasının keçmiş sədr əvəzi Elçin Manafov deyib.
Onun sözlərinə görə, heç kim vəziyyətin bu həddə gəlib çıxamasını arzulamazdı.
İslam Partiyasının sabiq funksioneri bununla yanaşı bildirib ki, hökumət dindarlarla kompromisə gedə bilərdi:
“Hökumət onlarla kompromisə gedə, anlaşa bilərdi. Amma təəssüf ki, belə olmadı. Buna görə də hər iki tərəfdən olan vətəndaşlarımız şəhid oldu”.
Elçin Manafov Nardarandakı kütlənin hiddətlənməsindən də söz açıb: “Bu qədər dindarın həbs olunması, onlara qarşı təzyiqlərin olması Nardaran camaatını hiddətləndirib”.
O əlavə edib ki, Azərbaycan dövləti ölkəni xarici qüvvələrin təsirindən təmizləməyə çalışır.
“Görürük ki, bir neçə nazirliklərdə ədalət, həqiqət öz yerini tapır. Mən ümidliyəm ki, gələcəkdə də belə olacaq. Ölkədə Amerikanın, Qərbin adamları hələ də qalmaqdadır”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Nardaran qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı yaydığı birgə məlumatda qeyd olunub ki, əməliyyat zamanı 2 polis həlak olub, 4 dini radikal zərərsizləşdirilib. Taleh Bağırov başda olmaqla 14 radikal şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Aqşin Kərimov