Modern.az

Siyasi partiyalar Nardaranda zor işlədilməsindən narazıdırlar - AÇIQLAMA

Siyasi partiyalar Nardaranda zor işlədilməsindən narazıdırlar - AÇIQLAMA

27 Noyabr 2015, 15:40


Dünən Nardaranda dini radikal qrupla polis arasında qarşıdurma baş verib. Silahlı insident zamanı 4 nəfər dindar və 2 nəfər polis ölüb. Hadisə zamanı həlak olan polis əməkdaşları bu gün dəfn edilib.

Nardarandakı hadisələrlə bağlı Modern.az saytı müxalifət partiyalarının fikirlərini öyrənməyə çalışıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Nardarandakı hadisələrlə bağlı araşdırma apardıqlarını deyir.

“Əvvəla yayılan məlumatlarda Nardaran hadisəsinin dini zəmində baş verməsini hələ ki təsdiqləyən faktlar yoxdur. Biz bu məsələləri araşdırırıq. Sadəcə, ilkin reaksiyamız ondan ibarətdir ki, 6 nəfərin ölümü ilə nəticələnən bu hadisəyə təəssüflənirik. Amma hadisənin yaranma səbəbləri, nə üçün Nardaranda bu olayınbaş verməsi kimi məsələləri araşdırmaqla məşğuluq. Bizim üçün xeyli aydın olmayan məsələlər var”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli ölkədə dini qruplarla bağlı vəziyyətdən narazıdır.

“Şübhəsiz, ölkədə kim tərəfindən törədilməsindən asılı olmayaraq zorakılığı qəbul etmirik. Zorakı yollarla ölkədə heç bir problem həll olunmur. Söhbət iqtidar-müxalifət münasibətlərindən gedirsə, dinc mübarizə üsullarından istifadə olunmalıdır. Biz də partiya olaraq bunu daim rəhbər tutaraq, başqalarına tövsiyə etmişik. Amma hakimiyyətin xarakterini nəzərə alsaq, əslində indiyə qədər Azərbaycanda praktiki olaraq dövlət çevrilişi cəhdi olmayıb. Hələ ki, istintaq gedir. İndiki dönəmdə nəyin baş verməsi məsələsi mübahisələr doğura bilər. Amma biz Azərbaycanda vəziyyətin çox mürəkkəb olduğunu görməkdəyik. Hakimiyyət müxalifətə yönəlik tənqidləri artırsa da, dini təmayüllü qrupların normal şəkildə öz şəbəkələrini qurmağına göz yumdular. Hazırda bu istiqamətdə vəziyyət olduqca gərgindir. Ölkədə lazımi islahatlar aparılmasa, çox ciddi təlatümlü bir dönəmin yaşanacağını birmənalı şəkildə demək olar”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə ölkədəki dini qruplarla yumşaq rəftar edilməsini tövsiyə edir. 

“Bu gün vətəndaşlar hakimiyyətə tabe olmayıb silahlı müqavimət göstərirsə, bu nəyin əlamətidir? Vətəndaş nəyə görə bu vəziyyətə gəlib çıxır və rəsmi hakimiyyətə tabe olmur? Dünyada gedən proselərə də nəzər yetirmək lazımdır. Dini radikal qrupların nümayəndələri də bundan təsirlənirlər. Dünyadakı terror hadisələrindən sonra hökumət gərək öz ölkəsindəki dini qruplarla daha yumşaq dildə rəftar etsin. Nardaranda baş verən hadisədə ölənlərin hamısı azərbaycanlıdır. Fərqi yoxdur, kim haqlıdır, kim haqsız. Ona görə də hamısının ailəsinə başsağlığı verirəm. Burda bir tərəf günahkar deyil. Məsələn, hakimiyyət orqanları ordakı prosesləri nəzarət altına almaq üçün bütün dinc demokratik üsullardan istifadə etdimi?! Yəni, onun bütün imkanları tükəndimi ki, polis müdaxilə etdi?! Məsələ burasındadır ki, Azərbaycanda  idarəetmədə zor işlətmək hər şeydən öndədir.  İnandırmaq, yola gətirmək, danışıq aparmaq həmişə arxada qalır. Ordakı ağsaqqallarla danışıq aparıldımı?! Siyasi partiyalar da iştirak etdimi?!. Bunları da nəzərə almaq lazımdır”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi