Modern.az

“Rusiyalı deputatın bu çağırışı beynəlxalq hüquqa meydan oxumaqdır”

“Rusiyalı deputatın bu çağırışı beynəlxalq hüquqa meydan oxumaqdır”

27 Noyabr 2015, 18:01

Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının Dövlət Dumasındakı deputatı Yevgeni Fyodorov SSRİ-nin bərpasının vacibliyini vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov rusiyalı həmkarının bu iddiasını çox təhlükəli çağırış adlandırıb. O, Modern.az saytına bildirib ki, müstəqillik Azərbaycan dövləti üçün ən böyük sərvətdir və bu, insanların həyatı bahasına olsa belə, hər an qorunacaq:

“Hesab edirəm ki, Yevgeni Fyodorovun açıqlaması təhlükəli və təxribat xarakterlidir. Onun yenidən Rusiyanın işğal etməyə çağırdığı keçmiş SSRİ respublikaları 1991-ci ildən bəri öz müstəqilliyini elan edən, bu müstəqilliyi beynəlxalq aləmdə tanınan, BMT-yə üzv olan dövlətlərdir. Bu dövlətləri işğal etməyə səsləmək beynəlxalq hüquqa açıq-aşkar meydan oxumaqdır”.

Vahid Əhmədovun fikrincə, Azərbaycanın ən böyük sərvəti onun nefti, qazı deyil, məhz müstəqilliyidir: “Müstəqilliyi mübarizə yolu ilə, qanlar, məhrumiyyətlər hesabına əldə etmişik. Kimsə bizi bu sərvətdən məhrum edə bilməz. Mərhum prezidentimiz Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz dönməz və əbədidir. Biz bu müstəqilliyi qorumaq üçün hər şeyimizdən –eləcə də canımızdan və qanımızdan keçməyə hazırıq”.

Deputatın sözlərinə görə, ona görə Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təhdid edən, onu bu sərvətlərdən məhrum etməyə çalışanlar bilməlidirlər ki, ölkəmiz istənilən təcavüzə qarşı qətiyyətlə mübarizə aparacaq və öz haqq işini sona qədər davam etdirəcək: “Müstəqil, güclü Azərbaycan buna qadirdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi