Həftənin siyasi hesabatını təqdim edirəm.
Yola saldığımız həftə beşinci çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasa prezident İlham Əliyev də qatıldı. İlk iclasda yeni həmçinin, parlamentdə yeni komitələr yaradıldı. Rektor deputatlar adıçəkilən vəzifə ilə vidalaşdılar.
Rusiya-Türkiyə qarşıdurması
Nəhəng imperiyaların şinelindən çıxan dövlətlər vurulan təyyarənin yaratdığı fəsadları aradan qaldırmağa çalışır. Qisas peşində dayanan Rusiyanın atmaq istədiyi addımlar belə davam etsə, sonluğu xeyir körpüsünə doğru aparmayacaq.
Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsini vurandan sonra vəziyyət əməlli dəyişdi. İndi iki dövlət arasında olan əlaqələr demək olar ki, pis vəziyyətə düşüb. Ərdoğan hakimiyyəti münasibətləri sakit şəkildə qaydaya qoymağa çalışsa da, Putin hakimiyyəti “dava-dava” deyir. Nə isə.
Vəziyyət tərəflər arasında xoşluğa doğru yaxşı nəsə vəd etmir. Putin hətta Türkiyəyə qarşı sanksiyalar paketini də işə salıb. Bundan sonra türk malları Rusiyaya daxil ola bilməyəcək, türk iş adamları Rusiya şirkətlərində çalışa bilməyəcəklər...
Bizim qara çadralılar
Yola saldığımız həftə ölkə daxilində qarışıq həftə kimi yadda qaldı. Nardaran kəndində polis xüsusi əməliyyat keçirdi. Bu əməliyyat tərəflər arasında silahlı insidentə gətirib çıxardı və təəssüflər olsun ki, bu, ölümsüz ötüşmədi. 4 dindarın öldüyü silahlı atışmada 2 polis əməkdaşı da həlak oldu. Təəssüf... Hər iki tərəfdən ölənlər Azərbaycan vətəndaşları idilər... Hacı Taleh Bağırzadə başda olmaqla isə 14 nəfər dindar barəsində həbs qətimkan qərarı çıxarıldı.
Bura nə Suriya, nə İraq, nə də Əfqanıstandır. Bura Azərbaycandır.
Əfsus ki, Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmasını ürəkdən arzulayan qüvvələr var. Nardaran hadisələri də bunu göstərdi.
Biz kimin hansı ölkəyə necə deyərlər, işləməsini konkret demək üçün konkret ünvanlar göstərə bilmərik. Bu, bizim işimiz deyil, amma görünən budur ki, bu cür hadisələrdə xarici əllər dövriyyəyə girməkdə maraqlıdır.
Nardaran hadisələri zamanı dövlətin düzənini uçurub dağıtmaq ideyalarını sözdə bayraq tutanlar, yəni ölkəni xarabalığa çevirmək istəyənlər unudurlar ki, kimlərinsə işə saldığı plan burda gerçəkləşərsə, nəticədə ölən də, əzilən də Azərbaycan vətəndaşı olacaq. Elə də oldu.
Nardaranda 2002-ci və 2013-cü ildə də belə bir qarışıqlıq yaratmağa cəhd etmişdilər. 2013-ci ildə nardaranlı dindarların şüarına fikir verin! “Amerikaya ölüm”, “Amerikalıların köməyilə məmurlar dindarları məhv edir”. Hansı dindarı?! Hacı Taleh Bağırzadəni?! 2013-cü ildə də məlum olayların altından dindar cəbhənin favorit liderinə çevrilən Hacı Taleh çıxmışdı.
Bir dəki Azərbaycanda dindarların azadlığını məhdudlaşdıran var?! Qardaşlar, bu ölkədə dindarların hüquqları tapdalanmır.
Ölkədə 2000-dən çox məscid var. Bu qədər məsciddə insanların dini azadlıqlarına sayqı və hörmət var. Yox əgər Hacı Taleh Bağırzadə kimilərin məqsədi dini ayinləri icra etmək yox, bu ayinləri siyasi ambisiylara çevirib, vətəndaşları itaətsizliyə səsləməkdirsə, bunun qarşısını almaq üçün müdafiə dəstələri də mütləq olacaq.
Cəmiyyətdə qara çadralılar birmənalı qarşılanmır. Metroda, avtobusda qara çadralı qadın varsa, ilk təəssürat bu olur ki, bu, kamikadze də ola bilər. Düzdür, qadınlarımızın qara çadra geyinməsi yasaq deyil, bu da onların seçimidir. Geyinsinlər. Amma, qara çadranın içində işıqlı təhsilə, elmə yiyələnsinlər.
Təhsilli, savadlı övladlar yetişdirsinlər. Nə qədər qəribə görünsə də, biz qara çadralı vətəndaşlarımızı daha çox Nardaranda görürük... Təki, onların qaralığı sadəcə geyimlə məhdudlaşsın, düşüncələri, təhsilləri isə qara olmasın. Vallah, hamımızı bunu istəyirik.
Namidə BİNGÖL