Modern.az

“Rusiya Qarabağ probleminin həllini bir az da qəlizləşdirə bilər”

“Rusiya Qarabağ probleminin həllini bir az da qəlizləşdirə bilər”

Təhsil

30 Noyabr 2015, 16:23


Türkiyənin Rusiyaya məxsus Su-24 döyüş təyyarəsini vurduqdan sonra Moskva Ankaraya qarşı növbəti iqtisadi sanksiya həyata keçirib.

Belə ki, Rusiya dövləti Gürcüstan-Rusiya sərhədinə toplanan Türkiyə TIR-larının öz ərazisindən keçməsini əngəlləyib. Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan prezidenti İlham Əliyev vəziyyətdən çıxış yolu kimi həmin TIR-ların ölkəmiz ərazisindən keçərək Xəzər dənizindən Orta Asiyaya getməsi barədə təlimat verib.  

Azərbaycan dövlətinin bu addımı Rusiyanın ölkəmizə qarşı münasibətində hansı dəyişikliyə səbəb ola bilər?  

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a deyib ki, bir neçə gün öncə Rusiya-Türkiyə münasibətlərinin Azərbaycana təsirsiz ötüşəcəyi barədə proqnoz versə də, indi vəziyyət fərqlidir: “Əvvəla, bir şeyi nəzərdə saxlamaq lazımdır ki,  istər Rusiya liderinin, istərsə də Rusiya xalqının hərəkətlərini proqnozlaşdırmaq çətindir.

Bu gün dünyada baş verən iqtisadi böhrandan tutmuş, hərbi qarşıdurmalara qədər, hamısında bu dövlətin barmağı var. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Rusiya ətrafındakı dövlətlərə özünün müstəmləkəsi kimi baxır.  

Azərbaycana qarşı indiyə kimi müxtəlif şantajlar olub. Daxili qüvvələri Azərbaycana qarşı qaldırmağa cəhd ediblər. Məsələn, Nardaran hadisələri bunlardan biridir. Vaxtilə bu cür faktları sadalamışıq. Hansısa hadisələrə cəhd ola bilər.

İndiki Azərbaycan güclüdür. Azərbaycanın güclü ordusu, asayişi qoruyan qüvvələri var. Azərbaycan xalqı öz istiqlalına daha çox sadiqdir. Bu mənada, Azərbaycana qarşı nələrsə etmək kimlərinsə xəyalından keçə bilər. Amma onu reallaşdıra bilməzlər  

Politoloq vurğulayıb ki, artıq Rusiya Azərbaycana qarşı təhdid dolu çıxışlar etməyə başlayıb:

“Rusiya siyasi dairələrində belə fikirlər səslənir ki,  əgər Azərbaycan daxildə Dağlıq Qarabağ problemini həll etmək üçün silahlı yola əl atarsa, Rusiyanın da bu məsələyə müdaxiləsindən başqa çıxış yolu qalmır. Görünən odur ki, indi siyasi konyuktura dəyişən kimi bunlar dərhal təhdidə keçirlər”.  

Qabil Hüseynli Rusiyanın Azərbaycana qarşı  Dağlıq Qarabağ münaqişəsindən  istifadə etmək fikrini istisna etməyib: “Dağlıq Qarabağ məsələsi bir az da qəlizləşəcək. O zaman Azərbaycan münaqişənin həll edilməsi üçün başqa yollar  axtarmaq məcburiyyətində qalacaq. Əslində, Rusiyanın Azərbaycana münasibəti qəlizləşməməlidir. Rusiya onsuz da çox ağır vəziyyətdədir. Ona görə Rusiya Azərbaycanı əlindən çıxarmağa cəhd etməyəcək.

Çalışacaq ki, Azərbaycan hər zaman onun yanında olsun. Yox əgər,  Azərbaycanı əlindən çıxarsa, Rusiya üçün çox ağır günlər başlayacaq”.    

Namidə BİNGÖL                             

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi