Azərbaycanda bir qrup sələfi (vəhhabi) ilahiyyatçı Elşad Mirini fikirlərinə görə hədələyiblər.
Azərbaycan sələfilərinin lideri kimi tanınan, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi də bu antitəbliğata qoşulub.Qamət Süleymanov da Elşad Mirinin ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarına ondan uzaq olmağa dəvət edib.
Useyd Turabov adlı sələfinin videosu isə daha təhlükəlidir.
Çünki həmin səsyazısında xəbərdaredici məqamlar öz əksini tapıb. Belə ki, çıxışda Useyd Turabov Elşad Mirinin fikirlərinə görə Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam ediləcəyini bildirib.
“Cinayət Məcəlləsi hər hansı bir şəxsə qarşı istər fiziki, istər psixoloji təhdidləri qəbul etmir. Bunu Modern.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əliməmməd Nuriyev mövzu ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, təhdidlə bağlı qanunda müvafiq norma nəzərdə tutulub. Həmin normaya əsasən, ölümlə bağlı hər hansı təhdid sübuta yetirilərsə, günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər:
“O zaman bu, artıq şəxslər arasında problem olmaqdan çıxaraq hüquqi müstəvidə həll edilməlidir. Belə olduğu təqdirdə təhdid olunan şəxsin özünü müdafiə etmək hüququ var və o, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Azərbaycanda heç kim bir başqasını ölümlə hədələyə bilməz. Hədə-qorxu, təhdid varsa, o zaman həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ”.
Əliməmməd Nuriyev onu da qeyd edib ki, Azərbaycan Konstitusiyasında vətəndaşların fundamental hüquqlarından biri də ifadə azadlığıdır:
“Hər kəs öz düşüncələrini ifadə edə, digərləri ilə paylaşa bilər. Bu, yalnızca Azərbaycan Konstitusiyasında nəzərdə tutulmayıb. Eyni zamanda ifadə azadlığı beynəlxalq hüququn əsas prinsiplərindən biridir. O olmadan insanın mövcudluğu mümkün deyil. Kiminsə fikrinə, düşüncəsinə görə ona qarşı hər hansı bir addım atmaq, hədə-qorxu gəlmək düzgün deyil.
Hər kəs fikirlərində azaddır, o şərtlə ki, həmin fikirlərdə zorakılıq çağırışları olmasın və başqalarının hissiyyatına toxunulmasın. Əgər bir şəxs digərinin fikirləri ilə razı deyilsə, o zaman, yalnızca məhkəməyə müraciət edə bilər.
Çox təəssüf ki, bəzən insanlar elə hesab edirlər ki, onların baxışları yeganədir, fikirləri həqiqətdir. Bəzi hallarda müəyyən şəxslər hakim rolunu öz üzərinə götürərək ayrı-ayrı insanların əməllərinə qiymət vermək və yaxud onları cəzalandırmaqla bağlı fikirlər səsləndirir. Hesab edirəm ki, bu hal yolverilməzdir ”.
Vüsalə Qəzənfərqızı