Modern.az

Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin qarşısı necə alındı...

Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin qarşısı necə alındı...

Təhsil

1 Dekabr 2015, 13:21


Heç kimə sirr deyil ki, Suriyada ekstremist qüvvələrin, əsasən də “İslam dövləti”  (İŞİD) terror təşkilatının tərkibində döyüşən xeyli azərbaycanlı var. Bir müddət öncə Suriyada azərbaycanlıların öldürüldüyü barədə xəbərlər yayılırdısa, indi bu məsələ sanki gündəmdən çıxıb.

Əcəba, İŞİD-ə qoşulan azərbaycanlıların sayı azalıbmı? Bununla bağlı Suriyaya kütləvi axının qarşısı necə alınıb?

Milli Təhıükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı, ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında deyib ki, İŞİD-ə qoşulmaq istəyənlərin qarşısı mətbuat vasitəsilə alınıb.

“Zamanında bu məsələlər birinci növbədə mətbuatın köməkliyi sayəsində həll edilib. Təxminən 3 il bundan qabaq bir xeyli adam Bəşər Əsəd rejiminə qarşı mübarizə aparmaq üçün Suriyaya getmişdi. Sonra İŞİD yarandı. İŞİD yaranandan sonra Suriyaya gedən azərbaycanlıların  sayı bir az da artaraq 250-dən çox oldu. Mətbuatda dəfələrlə məsələ qaldırandan sonra  Türkiyə xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanları arasında informasiya  əməkdaşlığı oldu. Suriya sərhəddini keçib gedənlər və geri qayıdanlar haqqında informasiya əldə edildi.  Əməliyyatlar keçirildi, qanunsuz silahlı dəstələrdə vuruşanlarla bağlı cinayət işləri açıldı. 30-dan çox adam həbs edildi. Bunun özü əhali arasında profilaktika oldu. İŞİD-in vəhşilikləri nümayiş olundu. İŞİD-ə həvəs azaldı. Camaat arasında nifrət yarandı. Tək-tək adamlar Suriyaya gedib İŞİD-ə qoşulsa da, bu kütləvi şəkildə olmadı”.

İlham İsmayıl Suriyada son vaxtlar baş verən hadisələrə diqqət çəkərək deyib ki, azərbaycanlıların İŞİD-ə qoşulması məhz bu səbəbdən azalıb.

“Son dövrlərdə Suriyada aktiv aviazərbələrin endirilməsi, ölüm hallarının çoxalması Azərbaycandan ora meyl edənlərin sayının kəskin şəkildə azalmasına səbəb olub. Bir çoxları anladılar ki, Suriyaya gedib sağ qayıtsalar belə, onlar potensial terrorçu kimi Azərbaycan qanunvericiliyi əsasında həbs ediləcəklər”.

Keçmiş MTN-çi Suriyada müxalifətə qarşı döyüşən hökumət qüvvələri arasında  azərbaycanlıların olmadığını da qeyd edib.

“Hökumət qüvvələri, Bəşər Əsəd tərəfində döyüşənlər təriqət nöqteyi-nəzərindən şiələr idi. Onlar İranın təbliğatına uyub getmişdilər. İran öz ordusunu Suriyaya göndərsə də, vətəndaşlarını göndərmirdi. Azərbaycandan bir neçə nəfər gedib hökumət qüvvələri tərəfində vuruşdu. Onların da bir neçəsinin meyiti geri qayıtdı. Ona görə hökumət qüvvələri tərəfində döyüşmək o qədər də populyar olmadı. Bəşər Əsəd tərəfində vuruşmaq Azərbaycanda kütləvi hal almayıb. İndi isə Bəşər Əsəd tərəfində vuruşan azərbaycanlı heç yoxdur”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi