Bu gün dünya bazarlarında brend markalı neftin 1 barelinin qiyməti 44,34 dollardır. Məlum olduğu kimi, 2015-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman neftin 1 barelinin qiyməti 90 dollardan hesablanmışdı. Həm dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, həm də manatın dollar qarşısında devalvasiyası 2016-cı il üçün ürəkaçan proqnozlar verilməsini məhdudlaşdırır.
Neftin qiymətinin 50 dollardan aşağı olması büdcəyə yenidən baxılmasına ehtiyac yarada bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, büdcə təsdiq edilən zaman bu haqda geniş müzakirələr aparılıb: “Müzakirələr zamanı neftin qiymətinin 50 dollardan hesablanmasına hamımız razılaşmışıq. Çünki proseslər göstərir ki, neftin qiyməti hələlik 50 dollardan aşağı olmayacaq. Amma neftin qiyməti üçün əvvəlcədən proqnoz vermək çox çətindir. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin qiyməti 90 dollardan hesablanmışdı, qiymət isə o zaman faktiki olaraq 50-60 dollar idi. Amma indiki halda dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb”.
Deputat qeyd edib ki, neftin qiyməti ucuzlaşmaqda davam edərsə, büdcəyə yenidən baxıla bilər:
“Əgər neftin qiyməti bir az da ensə və 50 dollardan aşağı olacaqsa, dövlət büdcəsinə yenidən baxmaq ehtimalı var. Növbəti ilə qədər olan 1 ay müddətində hər şey baş verə bilər. Prosesin gedişi ilə əlaqədar dəqiq proqnoz vermək mümkün deyil. Çünki OPEK və digər təşkilatlar neftin qiymətinin artırılmasına çalışırlar. Vəziyyətin dəyişməsini gözləməliyik. Amma neftin qiymətində azalmalar davam edəcəksə, 2016-cı ilin birinci yarısında dövlət büdcəsinə baxıla bilər”.
Gülşən RAUFQIZI