“Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşmağı tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır”.
Modern.az xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı çıxış edərkən deyib.
Komitə sədrinin sözlərinə görə, hazırda dünyada müxtəlif adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur: “Bu gün din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İndi isə vəziyyət tamamilə fərqlidir. Çünki onlar sırf mənəviyyat məsələsini əsas götürürlər. Ona görə də həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.
S.Novruzov həmçinin əlavə edib ki, cəmiyyətin fikirlərinə heç vaxt laqeyd qalmaq olmaz: “Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.
S. Novruzov onu da xatırladıb ki, bu gün Azərbaycanda xalqla iqtidar bir yerdədir: “Mövcud qanunvericilikdə imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar da buna əsla müdaxilə edə bilməz”.
Qeyd edək ki, üç fəsil 15 maddədən ibarət yeni layihəyə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.
Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
Aytən Zəhra