Modern.az

Eks-deputat dərsdən yayınan şagirdlərin cərimələnməsinə qarşı ÇIXDI

Eks-deputat dərsdən yayınan şagirdlərin cərimələnməsinə qarşı ÇIXDI

Təhsil

2 Dekabr 2015, 15:14

“Cərimə uşaqların dərsdən daha çox yayınmasına səbəb ola bilər”

Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynləri cərimələnəcəklər. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Nəzərdə tutulan dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a bildirib ki, ilk növbədə şagirdlərin dərsdən yayınma səbəbləri araşdırılmalıdır:

“Dərsdən yayınma müşahidə olunursa, bunun səbəbkarı uşaqlar deyil, məktəbdir. Məktəbdə şagirdlərə qarşı elə münasibət olmalı, elə formada dərs keçilməlidir ki, uşaqlar böyük həvəslə gəlsinlər”.

O, dərs buraxan şagirdlərə cərimənin tətbiq edilməsi məsələsinə münasibət bildirərək deyib ki, cərimə uşaqların təhsilə cəlb olunmasından çox, onların dərsdən yayınmalarına səbəb ola bilər:

“Nəzərə alsaq ki, şagirdlər heç yerdə işləmirlər, o halda, onlar bu cəriməni necə ödəməlidirlər? Belə olduğu halda, deyə bilərik ki, şagirdlər həmin cəriməni ödəyə bilməzlər. Məlum məsələdir ki, həmin cəriməni ödəmək valideynin üzərinə düşəcək. O zaman bu, şagirdlərin deyil, valideynlərin cərimələnməsi olacaq. Bunun müxtəlif fəsadları ola bilər. Valideynlər belə hallarla qarşılaşmamaq üçün övladlarını təhsildən yayındıra bilərlər. Düşünürəm ki, cərimə problemdən çıxış yolu deyil”.

Vüsalə QƏZƏNFƏRQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi