Modern.az

Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə - FOTO

Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə - FOTO

Təhsil

2 Dekabr 2015, 15:45


Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında keçirilmiş Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib.

Modern.az xəbər verir ki, qeyd edilən sessiya zamanı Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatı Şurasının Koreya Respublikasının nümayəndəsi cənab Kitak Limin Təşkilatın yeni Baş Katibi seçilməsi barədə təklifi müzakirəyə qoyulub və cənab Kitak Lim yeni Baş Katib seçilib. Azərbaycan nümayəndə heyəti tərəfindən cənab Kitak Lim belə bir mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik edilib, gələcək fəaliyyətində müvəffəqiyyətlər dilənilməklə qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Həmçinin İspaniya Krallığının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri cənab Federiko Trillo-Fiqueroa Martinez-Konde dörd illik (2016-2020) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın yeni Prezidenti vəzifəsinə seçilib.

Sessiyada Beynəlxalq Dəniz Təşkilatının komitələrinin hesabatları dinlənilib və dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib. Sessiyası zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.

Assambleyasının 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilib, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni Üzvlüyünə seçilib. Sessiya müddətində, həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib və fikir mübadiləsi aparılıb.

Dünyanın 171 Dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 29-cu sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi