Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Modern.az saytı xəbər verir ki, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.
Ramil Usubov qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".
R.Usubov əlavə edib ki, Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb: “Nardaran istisna olmaqla, hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır. Nardaran sakinlərindən də xahiş edirik ki, əllərində olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər”.
R.Usubov bildirib ki, ilk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanlarının əməkdaşlarına qarşı avtomat və qumbara kimi silahlar işlədildi: "Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı bizim iki nəfər əməkdaşımız şəhid oldu. Ümumiyyətlə, Azərbaycan xalqına yaxşı bəllidir ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də olub. 2005-ci ildə də bizim iki polis əməkdaşımızı Nardaranda qətlə yetirdilər. Bu günə kimi artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurmalar olub. Bu hərəkətlərlə bərabər orada kriminogen durum, kriminal hadisələr getdikcə artır. Orada insan ölümləri, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya düçar olması ilə bağlı çoxlu faktlar olub. Hətta kənardan olan insanlar orada öz bağlarında, evlərində yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi. Bütün bunların qarşısını almaq üçün noyabrın 26-da xüsusi əməliyyat planı işlənib hazırlandı. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının birgə tədbirləri həyata keçirildi".
Modern.az