Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfərin yaralanması barədə xəbər təsdiqini tapmayıb. Modern.az saytı xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Anspress-ə açıqlamasında yayılan xəbəri təkzib edib.
“Bu barədə xəbər almışdıq, indi mənə bu məlumatın yanlış olduğunu bildirdilər. Hər bir xəbəri alarkən onun düzgünlüyünü yoxladıb və araşdırıram. Tutulan zaman anası infarkt keçirmiş qardaşlardan biri buraxılıb. Biz hökumətin apradığı işlərə qarşı deyilik” - deyə Natiq Kərimov bildirib.
Natiq Kərimov Nardaranda əmin-amanlıq və sakitlik olmasını arzuladığını qeyd edib.
“Mən kəndin əvvəlki sakit həyat axarının qaydasına düşməsinin tərafdarıyam. Silah polisdə, hüqüq mühafizə əməkdaşında olmalıdır. Sakit həyat tərzimizin qaydasına düşməsini istəyirəm. İşığımız, qazımız olsun, həyatımız normal qayfasına düşsün”- deyə Natiq Kərimov bildirib.
Nardaran və ətraf ərazilər hazırda Çevik Polis Alayının nəzarətindədir. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov hazırda Nardarandadır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də hazırda Nardarandadır və RİH əməkdaşlarının fəaliyyətinə nəzarət edir.
Modern.az