Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi 1- 4 dekabr tarixlərində sahibkarlıq və startaplarda rəqəmsal innovasiya üzrə mütəxəssis Leyn Bekeri qəbul edir.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, Beker, ABŞ Hökuməti tərəfindən yeni yaradılmış “18F” təşəbbüsünün konsaltinq qrupunun layihə kuratorudur. Bu təşəbbüsün əsas məqsədi hökumət və onun xidmət göstərdiyi insanlar və müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını təmin edən effektiv, istifadəçiyə yönəlik rəqəmsal xidmətlərin yaradılmasıdır. (//18f.gsa.gov/).
Beker, Bakıda keçiriləcək “İE Venture Day” müsabiqəsində iştirak etmək üçün Yüksək Texnologiyalar Parkı tərəfindən Azərbaycana dəvət edilib. “İE Venture Day” müsabiqəsi “İE Business School” və Azərbaycan Yüksək Texnologiyalar Parkı tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə birgə təşkil olunur. Bu tədbir yerli və beynəlxalq startap müəssisələrin sahibkarlıq bacarıqlarını “reklam etmək” müsabiqəsi xarakterini daşıyır.
İştirakçı startaplar sənaye mütəxəssisləri, vençur sərmayədarlar, “biznes mələkləri” və investorlardan təşkil olunmuş münsiflər heyətinə özlərinin biznes təqdimatlarını həyata keçirəcəklər.
Bundan əlavə cənab Beker, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində, eləcə də Xəzər və Qafqaz Universitetlərində MBA və İT üzrə təhsil alan tələbələrə mühazirələr oxuyacaq. Beker, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə əməkdaşlıq əsasında Bakı Amerika Mərkəzində (R. Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti) Azərbaycanın startaplarına və sahibkarlara seminar və treninq keçirəcək. Seminar 4 dekabr tarixdə saat 19.00-da keçiriləcək və bütün maraqlı şəxslər burada iştirak edə bilər.
Cənab Beker “Məzunların Max Proqramı” çərçivəsində ABŞ hökuməti tərəfindən həyata keçirilən təhsil proqramlarının məzunları, onların təhsil sahələri üzrə ABŞ-da çalışan professor və yaxud elmi rəhbərləri, Azərbaycandakı təhsil müəssisələri ilə birgə çalışmaq məqsədilə səfər edir.
Modern.az