Modern.az

Çörək maşınında yararsız ət satmaq cəhdinin qarşısı alınıb - FOTO

 Çörək maşınında yararsız ət satmaq cəhdinin qarşısı alınıb  - FOTO

3 Dekabr 2015, 20:34

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir. Nazirlikdən Modern.az saytına verilən məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və onun yerli qurumları ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir.

Bu gün belə bir reyd Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum  olub ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.

Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olan heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcəkdir.    


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi