Modern.az

"TANAP layihəsi vaxtında, bəlkə də daha tez icra ediləcək"

"TANAP layihəsi vaxtında, bəlkə də daha tez icra ediləcək"

3 Dekabr 2015, 20:53

“Transanadolu (TANAP) layihəsi nəzərdə tutulduğu vaxtda - 2018-ci ildə, bəlkə də daha tez icra ediləcək”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında deyib.

İlham Əliyev qeyd edib ki, bu gün, eyni zamanda bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq: “Burada da həm ölkələrimiz, həm xalqlarımız, həm bölgə, həm də dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP Türkiyə-Azərbaycan layihəsidir və biz bu layihəni birgə icra etməyə başladıq və bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir".

Prezident İlham Əliyev bildirib ki, TANAP layihəsinin icrasında heç bir problem yoxdur: "Bu gün biz bir daha bu məsələni müzakirə etdik və əminəm ki, bu layihə vaxtında - 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcək. Beləliklə, Azərbaycan Türkiyəyə, sonra Avropaya daha böyük həcmdə təbii qaz ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni, alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda götürəcəklər".  

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır: “Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir. Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər".

Prezident İlham Əliyev Türkiyə ilə əmakdaşlığın digər sahələrinə də toxunub: "Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.

Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq".

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi