Nazirlər Kabineti “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edib. Modern.az xəbər verir ki, bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.
Qrant vermək hüququnun əldə edilməsi üçün xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
Modern.az