Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər. Modern.az saytı xəbər verir ki, qəzada xəsarət alan səkkiz nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.