Modern.az

Parlamentin Səhiyyə Komitəsinin üzvləri xəsarət alan neftçilərə baş çəkib - FOTOLAR

Parlamentin Səhiyyə Komitəsinin üzvləri xəsarət alan neftçilərə baş çəkib - FOTOLAR

Təhsil

7 Dekabr 2015, 16:27

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvləri SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan neftçilərə baş çəkib.

Modern.az xəbər verir ki, Səhiyyə komitənin sədri Əhliman Əmiraslanov, sədr müavini Musa Quliyev, üzvlər Məlahət İbrahimqızı, Kamələddin Qafarov, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov bu gün Neftçilər Xəstəxanasında olublar.

Neftçilərin vəziyyəti ilə maraqlanan deputatların suallarına cavab olaraq Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyli hazırda xəstəxanada olan 9 nəfərin vəziyyətinin sabit olduğunu bildirib.

O qeyd edib ki, xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və bütün müalicələri lazımi şəkildə alırlar.

"Xəstələrdən yalnız bir nəfər əməliyyat olunub ki, o da özülün rəisi Allahverdi Məmmədovdur. Onun da vəziyyəti normaldır. Xəstələrdən 4-ü  cərrahiyyə şöbəsində, 2-si lor, 3-ü isə terapiya şöbəsində müalicəsini davam etdirir”.

Daha sonra millət vəkilləri, xəstəxananın ditektoru Leyla Seyidbəyli palatalarda yatan neftçilərin baş çəkiblər. Deputatlar ilk olaraq platformanın rəisi Məmmədov Allahverdinin yanına keçiblər. Onun səhhəti ilə yaxından tanış olan Əhliman Əmiraslanov, Musa Quliyev, Məlahət İbrahimqızı və digər millət vəkillərinə səhhətinin yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini bildirib. O yeganə diləyinin itkin düşmüş yoldaşlarının tapılması olduğunu qeyd edib.

Daha sonra millət vəkilləri digər neftçilərin palatalarına baş çəkib, Mərdan Rəcəbov, Rəçid Hüseynov, Mətanət Əliyeva, Rəvan Orucov, Faiq Cəfərov, Əvəz Cəbrayılov, Baba Şükürovun səhhətləri ilə maraqlanıblar.

Komitə sədri, depuat Əhliman Əmiraslanov hər zaman onların yanında olduqlarını, onlarla daim maraqlandıqlarını bildirib.

Neftçilərlə görüşdən sonra Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, xəstələrin vəziyyəti qənaetbəxşdir, vəziyətləri yaxşıdır və bir çoxları evə getməyə hazırdır.

“Bir çoxlarının müalicəsi davam edir. Hesab edirəm ki, qısa vaxtda müalicələri başa çatacaq. Bu hadisə onların psixikasına təsir edib və bu da təbiidir. Çünki bu elə hadisədir ki, onun nəticəsi neftçilərə təsirsiz ötüşməyə bilməz. Baş həkimlə danışarkən məlum oldu ki, onlara psixoloqlar da cəlb olunub. Bütövlükdə burada xəstələrə tibbi yardımın səviyyəsi son dərəcə yüksəkdir. Bir neçə xəstə əməliyyat olunub. Digər xəstələrin isə bir qrupu cərrahi klinakda, bir qrupu terapevtik klinikada müalicə alır və qısa müddətdə bu xəstələr tam bərpa olunub, ailəyə, evə, cəmiyyətə qayıdacaqlar”.

Komitə sədrinin müavini Musa Quliyev bildirib ki, xəstələrin vəziyyəti sabitdir və bir neçə gündən evə yazılarlar.

“Biz onlarla görüşdə ictimaiyyətin və dövlətin dəstəyi olduğunu çatdırdıq. Onlar hamısı razıdırlar. Azərbaycanın Prezidentinə, cəmiyyətə minnətdarlıqlarını bildiriblər. Ümumi qayğının altındadırlar. Təbii fəlakətdir, hər bir insanın başına gələ bilən hadisədir. Ən əsası odur ki, cəmiyyət və dövlət bu insanlarladır. Fəlakət də insanlarımızı yaxınlaşdırır. Əsas qayğıları itkin yoldaşları haqqında məlumatlarının olmamasıdır. Allahın köməyi ilə onlar da tapılar. Hamısına şəfa diləyirik”


Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi