Bu gün Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə SOCAR-ın “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda baş prokuror Zakir Qarayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 4-7-də itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılan tədbirlər haqqında hesabat veriblər.
Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülüb, lakin hava şəraitinin ağır olması partlayış və alovun ani olaraq bütün platformanı bürüməsinə səbəb olub. Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti təxliyə planına müvafiq hərəkət ediblər.
Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib.
Dövlət Komissiyasının sədri, baş nazir Artur Rasizadə iclasa yekun vuraraq, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 2015-ci il 5 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Emil