Binəqədi kəndi, “Gülüstan 15” ünvanında yerləşən daş karxanası burada yaşayan insanların sağlamlığının qəniminə çevrilib. Sakinlər neçə illərdir ki, daş karxanasından göyə qalxan tozlu havanı udmaq məcburiyyəti ilə üz-üzədirlər. Kimlərsə milyonlar qazanır, sadə vətəndaş isə onun milyonlarının tozunu udur...
Sakinlərin Modern.az saytına verdiyi məlumata görə, onların narahatlığına əsas səbəb karxanadan çıxan tozanaqla bərabər normal hava şəraitinin pozulması, nəticədə tənəffüs sistemi xəstəliklərinin, xüsusilə azyaşlılarda astmanın artmasıdır.
Söylənilənlər göstərir ki, sakinlər ayrı-ayrı şəxslərin biznes maraqlarının sözün əsl mənasında qurbanına çevriliblər. Karxanadan daş daşıyan “Kamaz” markalı yük avtomobilləri onsuz da bərbad vəziyyətdə olan yolları sıradan çıxarmağa “xidmət” edir.
Vətəndaşlar deyir ki, müraciət ünvanladıqları qurumların heç birindən problemin həllinə dair müsbət rəy almayıblar. Sanki karxanadakı tozlu havanı udmağa məhkum olunublar...
Gülşən RAUFQIZI