“Sizin sayt vasitəsilə təqribən 8 ay bundan əvvəl neftdən sonrakı dövr üçün yeni iqtisadi modelin hazırlanmasının vacibliyini qeyd etmişdim. Demişdim ki, biz yeni iqtisadi model hazırlaya bilməsək, böhrandan çıxa bilməyəcəyik”. Bunu Modern.az saytına açıqlamasında dünya çapında tanınan alim professor Rafiq Əliyev ölkədəki iqtisadi qurumlar və mütəxəssislər, onların bu gün böhran şəraitində hansı işləri görməli olduqları barəsində danışarkən qeyd edib.
Alimin sözlərinə görə, vaxtilə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və Dövlət İqtisadiyyat Universitetində çalışan iqtisadçılara müraciət edib. Alim bütün iqtisadi qurumların və mütəxəssislərin ayrı-ayrılıqda heç bir iş görə bilməyəcəyini, vahid iqtisadi model xətrinə birlikdə fəaliyyət göstərmələrini tövsiyə edib: “İqtisadiyyat İnstitutu və Azərbaycan Dövlət İqtisadiyyat Universitetində çalışan mütəxəssislərə müraciət etdim ki, bu ölkənin iqtisadi modelini qurmaq lazımdır. Hətta onun quruluşunu da, hansı sosial hesabatlar matriksini, onun mahiyyətini, onların hansı iqtisadi qanunlar əsasında həyata keçməli olduğu haqqında da danışmışdıq, onun da strukturunu vermişdik. Bu gün bütün iqtisad alimlərinin görməli olduğu ilkin iş iqtisadi modeli yaratmaqdır.
Sosial hesabatlar matriksində bütün fəaliyyət sahələri və onların bir-biri ilə əlaqəsi qeyd olunur. Bir sahə o biri sahəyə nə ötürməlidir, bir qurum o biri quruma nə verə bilər?. Bütün bunların ümumi nəticəsi olaraq bir struktur yaradılır. Adını çəkdiyimiz qurumlar isə vahid strukturun parametrləri olaraq hər hansı iş görə bilər. Ayrı-ayrılıqda bunu etmək doğru deyil”.
Elmin NURİ