Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin dekabrın 10-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib ki, uzun illərdir, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: "Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var. Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq. Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün Sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində yanğın baş verib, ciddi tələfat olub. Cənab Prezident, bununla əlaqədar, fürsətdən istifadə edib, Çin Hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək, habelə Sizinlə həmrəy və kədərinizə ürəkdən şərik olduğumu bildirmək istərdim".Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını deyib.
Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.
O, dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir vaxtda Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın regionda çox böyük rol oynayacağını söylədi, ölkələrimizin hüquq mühafizə orqanlarının bu cür hallara qarşı mübarizəni genişləndirməsinin önəmini qeyd edib.
Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən Çin Xalq Respublikasının Sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən Sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulmasının önəmini diqqətə çatdırıb.
Modern.az