Dekabrın 11-də Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızınÜmummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri və Beynəlxalq əlaqlər üzrə prorektoru, professor Abdulla İsayev Ümummilli Liderin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edibSükutdan sonra çıxış edən A. İsayev bildirib ki, çoxəsrlik tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan böyük tarixi şəxsiyyətlər yetirən bir məmləkət kimi tanınsa da, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu şəxsiyyətlər sırasında əvəzolunmaz yeri vardır.
Məhz dövlət quruculuğu üçün zəruri olan bütün strateji məsələləri uzaqgörənliklə müəyyənləşdirib ölkənin mövcud potensialına bu məsələlərin həllinə yönəltmək, başqalarına əfsanə kimi görünən layihələrin keçirilməsini təmin edərək reallığa çevirmək, labüd hesab etdiyi islahatları cəsarətlə tətbiq etməklə gələcək uğurların təməlini qoymaq qabiliyyəti Heydər Əliyevi “Ümummilli Lider” səviyyəsinə yüksəltmiş, adının ölkəmizin və xalqımızın yaddaşına qızıl hərflərlə yazılmasına səbəb olub.
Adı Azərbaycanın müasir tarixinin 30 ildən artıq bir mərhələsi ilə qırılmaz tellərlə bağlı olan qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin fenomenallığı onda idi ki, o zəngin zəka, balanslaşdırılmış siyasi ideologiya və uzaqgörənlik kimi məfhumları özündə cəmləşdirə bilən əsrlərdə tək-tək dünyaya gələn dahi şəxsiyyətlərdən biri olmasıdır. Ümummilli Lider Heydər Əliyevin bütün sahələri dərin böhran içərisində olan, xaos vəziyyəti hökm sürən ölkənin ən ağır vaxtlarında idarəetmə sükanını ələ alaraq nəinki onu böhrandan çıxarmağa, hətta dünya dövlətlərini onunla hesablaşmağa vadar edən bir dövlət səviyyəsinə qaldırmağa qadir olan dahi şəxsiyyət idi.
Təsadüfi deyildir ki, Heydər Əliyevin həm birinci, həm də ikinci dəfə rəhbərlik etdiyi dövr Azərbaycanın hərtərəfli inkişaf etdiyi dövr olmuşdur. Ötən əsrin altmışıncı illərinin sonlarında tərkibində olduğu SSRİ-nin iqtisadi cəhətdən ən zəif inkişaf edən, əhalisinin rifah halı son dərəcə aşağı olan müttəfiq respublikalardan sayılan Azərbaycan məhz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra dirçəlməyə başladı.
Qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində sürətli və dayanıqlı inkişafa nail olan Heydər Əliyev Azərbaycanı geridə qalmış respublikalardan hərtərəfli inkişaf etmiş respublikaya çevrilməsini təmin etdi. Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 10 il ərzində Heydər Əliyevin ölkə və xalqı üçün etdiklərini sadalamaqla qurtarmaq olmaz.
Məhz onun müdrik siyasəti, cəsarətli və qətiyyətli metodları ölkəmizi parçalanmaq və suverenliyini itirmək təhlükəsindən xilas etdi, dövlət müstəqilliyinin, özünün də dəfələrlə qeyd etdiyi kimi, “əbədi və dönməz” olmasına nail oldu. Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Bu keyfiyyətlə Heydər Əliyev şəxsiyyətinin dünyanın ən böyük dövlət xadimləri və siyasətçiləri sırasında adının əbədiləşdirilməsi ilə yanaşı Azərbaycan xalqının yaddaşına bir xilaskar və Ümummilli Lider kimi qızıl hərflərlə həkk olunmasına əsas vermişdir.
Sonra çıxış edən universitetin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, universitetin İqtisadiyyat fakültəsinin tələbəsi Rüstəm Rüstəmli də Ulu Öndərin gənclərə olan diqqət və qayğısından danışaraq, dahi şəxsiyyətin əbədiyaşar ruhu önündə baş əydiklərini bildirdilər.
Sonda Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yoluna həsr olunmuş film nümayiş olundu.
Modern.az