Modern.az

Bakı Bulvarında Yeni illə bağlı YENİLİKLƏR

Bakı Bulvarında Yeni illə bağlı YENİLİKLƏR

14 Dekabr 2015, 10:38


Bakı Bulvar İdarəsi Yeni il üçün hazırlıqlara başlayıb. Bu haqda Modern.az saytına məlumat verən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, şəhər sakinləri yaxın günlərdə yeniliklərin şahidi olacaqlar:

“Neftçilər prospekti boyunca görülən işləri Bakı şəhər İcra Hakimiyyəti həyata keçirir. Yəni istər “Azneft” dairəsi, istərsə Hökumət Evinin qarşısındakı şam ağaclarını Bakı şəhər İcra Hakimiyyəti quraşdırır. Amma Neftçilər prospektindən dənizə tərəf - bulvar ərazisindəki işlərin hamısını Bulvar İdarəsi aparır.
Neftçilər prospekti boyunca bulvarın daxilindəki ağacların üzərinə “işıq çələngləri”nin quraşdırılmasına başlanılıb. Bir neçə günə istifadəyə veriləcək”.

Nazim Məcidov qeyd edib ki, dekabrın 20-dən bulvar ərazisində 10 yerdə şam ağaclarının bəzədilməsinə start veriləcək. Ağacların da yanında hər il olduğu kimi Şaxta baba və Qar qız olacaq: “Hər il olduğu kimi, bu il də Şaxta baba və Qar qızın seçilməsi foto şirkəti tərəfindən həyata keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən lisenziya alanlar Bulvar İdarəsinə müraciət edirlər.
Bizim müəyyən etdiyimiz tələblərə əsasən Şaxta baba olmaq üçün hündür boylu, Qar qız olmaq üçün isə nəcib xanımlar seçilməlidir. Geyimləri yerində olmalıdır, ən əsası da intellektual səviyyələri olmalıdır. Bu zaman çox savad tələb edilməsə də, ən azından insanlarla, xüsusilə azyaşlılarla ünsiyyətə girməyi bacarmalıdırlar. Bunun üçün həmin şəxslər arasında testlər aparılacaq”.

Bulvar rəsmisi deyib ki, bayram ərəfəsində yeni attraksionların quraşdırılması planlaşdırılır, pulsuz attraksion aksiyalarının keçirilməsi də gözlənilir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi