“Günəşli” yatağında baş verən qəzada xəsarət almış 20 neftçi hazırda Neftçilər Xəstəxanasında müalicə alır. Bu barədə Modern.az-a açıqlama verən xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib ki, onların vəziyyəti stabildir və müalicələri davam edir: “Yenidən xəstəxanaya müraciət edənlər ilk vaxtlarda gələrkən ambulator müalicəyə buraxılan neftçilərdir. Onlara bildirilmişdi ki, əgər hər hansı narahatlıq yaranarsa müraciət edə bilərlər. Həkim müayinəsindən sonra onların müalicələrinin xəstəxana şəraitində almaları məsləhət bilinib”.
Aytən Fətəliyeva 20 nəfərdən hələlik heç kimin evə buraxılmasının planlaşdırılmadığını qeyd edib: “Belə niyyətimiz yoxdur. Amma günün sonunda, yaxud səhər fikrimiz dəyişilə bilər”.
O, psixoloqların da neftçilərlə işlədiyini qeyd edib: “Neftçilər qəzada travma aldıqlarına görə səs-küyü götürə bilmirlər. Ona görə xəstəxanada sakitlik olduğundan məsləhət görülüb ki, burada qalsınlar. Onlara xəstəxanada psixoloji yardım da göstərilir”.
Dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 33 nəfər xilas edilib, 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib.
Hazırda 23 nəfərin axtarışı davam etdirilir.
Aytən ZƏHRA